Məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) 125 illik yubiley gecəsi keçiriləcək

Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev)125 illik yubiley gecəsi keçiriləcək.

1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.

1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti – qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb etdi və böyük bəstəkar “Arşın mal alan” operettasındakı toy səhnəsində “Tərəkəmə” rəqsini çalmaq üçün operaya Əhəd Əliyevi solist kimi qəbul etdi.

1931-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə yaradılan ilk notlu Xalq çalğı alətləti orkestrində Əhəd Əliyev də solist kimi çıxış edirdi. Elə həmin ildə Azərbaycan radiosunun nəzdində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaranan və görkəmli  tarzənimiz, Xalq artisti Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblının üzvlərindən biri də Əhəd Əliyev oldu.

Əhəd Əliyevin təklifi ilə Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparmış və bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olmuşdur.

Filarmoniyanın nəzdində  bəstəkar Qənbər Hüseynlinin rəhbərlik etdiyi Sazçı qızlar ansamblının yaranmasında, sazçı qızların seçilməsində, öyrədilməsində də Əhəd Əliyevin böyük rolu var idi.

Əhəd Əliyev həm də bacarıqlı musiqi təşkilatçısı idi. Əhəd Əliyev 1934-35-ci illərdə Əbilov adına klubda “Şərq qarmonçalanları ansamblı” yaratmış və ona rəhbərlik etmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edən nümayəndələrin tərkibinə Əhəd Əliyev də daxil edilmişdi.

Əhəd Əliyevin qarmonda ifa etdiyi oyun havaları, sazda çaldığı aşıq mahnıları təkcə dinləyicilərin deyil, o illərin məşhur sənətkarları – Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Yavər Kələntərlini, Cahan Talışinskayanı, tarzən Qurban Pirimovu da valeh edirdi.

Əhəd Əliyev 1942-ci ildə 49 yaşında Bakıda vəfat etmişdir.

Tədbiri Xalq artisti Möhlət Müsümovun rəhbərlik etdiyi  Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcəkdir.

 Gecədə Xalq artistləri Mələkxanım Eyyubova, Ənvər Sadıqov, Aftandil İsrafilov, Əməkdar artistlər    Zakir Mirzəyev, Fərqanə Qasımova, Ehtiram Hüseynov, Sahib Paşazadə, Cahangir Qurbanov, Əməkdar müəllim Qəzənfər Abbasov, solistlər Teyyub Teyyuboğlu, Aydın Əliyev, Əhsən Rəhmanlı (sənətşünaslıq üzrə fəlsəfə doktoru), ”Çeşmə”folklor qrupu (bədii rəhbər Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı),Məhəmməd Abışov (gözdən Əlillər üçün 38 nömrəli musiqi məktəbinin şagirdi), Aleksandriya SevincSultanzadə ( Beynəlxalq müsabiqələr laureatı, Kor Əhədin nəticəsi) çıxış edəcəklər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: