Ən Son

Martın 21-i Daun Sindromu Günüdür

Statistik məlumatlar təsdiq edir ki, Daun sindromu ilə doğuluşa hər 700 uşaqdan birində rast gəlinir və bu, heç də valideynlərin yaşayış yeri, həyat tərzi, irqi və ya ictimai durumundan asılı deyil. Valideynlərin yaşı artdıqca körpələrin həmin sindromla doğuluş ehtimalı bir qədər yüksəlir. Belə ki, yaşı 35-dən yuxarı olan qadınlarda körpələrin həmin sindromla doğulma ehtimalı 10 dəfə, yaşı 40-dan yuxarı olanlarda isə 25 dəfə artıqdır.

Frame.az xəbər verir ki, Daun sindromu ilə əlaqədar gün ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

Martın 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Ona görə də həmin gün tibbi təqvimin üçüncü ayın 21-ci günündə öz əksini tapıb.

Daun Sindromu Gününün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini həmin problemə yönəltmək, maarifləndirmə tədbirlərinin aparılmasına şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları problemə diqqət ayrılması üçün bir sıra tədbirlər görürlər.

Cəmiyyətimizdə ən böyük problemlərdən biri – sağlamlıq imkanları məhdud olanlar, o cümlədən Daun sindromlu uşaqlar haqqında informasiya qıtlığıdır. Daun sindromlu uşaqlarla tanış olanlar bəzən onların barəsində işlədilən “günəş uşaqları” epiteti ilə razılaşırlar. Doğrudur, həmin uşaqlar intellekt baxımından adi insanlardan bir qədər fərqlənirlər və onlardan bir çoxu anadangəlmə ürək qüsurlarından əzab çəksələr də, bunu öz mehribanlıq və səmimiyyətləri ilə kompensasiya edirlər. Lakin bunu başqalarından da umurlar.

İsveçrədə yüz il bundan əvvəl də deyirdilər ki, Daun sindromlu uşaqlar mərhəmətdən çox diqqətli münasibətə ehtiyac duyurlar. Həmin uşaqların əksəriyyəti ailələrdə deyil, körpələr evlərində, sonralar isə xüsusi internatlarda yaşamalı olurlar.

Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak edilməsi çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!