Baku City CircuitFormula 1IdmanTəqdimatTəqdimat

Media nümayəndələrinin Formula 1 Azərbaycan Qran-Prisi üçün akkreditasiyası başlayıb

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə martın 2-də Bakıda yerli KİV-lərin nümayəndələri üçün Formula 1 Azərbaycan Qran-Prisinin akkreditasiya qaydaları haqqında seminar təşkil olunub.

Frame.az xəbər verir ki, seminarda iştirakçılara bu ilin yayında Bakıda beşinci dəfə keçiriləcək Formula 1 Qran-Prisinin akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 2-20-də onlayn qaydada BŞH-nın rəsmi internet səhifəsi (https://www.bakucitycircuit.com/az/media-accreditation) vasitəsilə həyata keçiriləcək. Artıq beş ildir ki, BŞH-nin “Formula 1 Management” və Beynəlxalq Avtomobil Federasiyası ilə səmərəli əməkdaşlığı nəticəsində hər il mütəmadi olaraq 100-dən çox jurnalist və fotoqraf, 7 milli televiziya qurumu yarışa akkreditasiya alır. Bu il pandemiya ilə əlaqədar bütün dünyada akkreditasiya prosesində jurnalistlər üçün qoyulan məhdudiyyətləri nəzərə alaraq, BŞH mətbuat nümayəndələrini akkreditasiya dövründə daha operativ və səmərəli işbirliyinə çağırır.

Məlumat verilib ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə Formula 1 üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” şirkəti tərəfindən kurasiya olunur. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb edilən sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Xatırladaq ki, builki Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər trekində keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!