Baku City CircuitFormula 1Idman

“Mercedes”in baş strateqi komandanın Bakıda taktikası barədə sualları cavablandırıb

Formula 1 Azərbaycan Qran-Prisindən sonra azarkeşlərin suallarını cavablandıran “Mercedes”in baş strateqi Ceyms Vulf yürüşün bir sıra hadisələrini şərh edib və komandanın Bakıda qəbul etdiyi bu və ya digər qərarların məntiqini və həlli yollarını əsaslandırmağa çalışıb.

-Bakıda ikinci və üçüncü sərbəst yürüşlər zamanı komanda birinci məşqdə itirilmiş vaxtın kompensasiya edilməsi üçün hansı böyük işləri yerinə yetirib?

-Adətən birinci sessiyanın 90 dəqiqəsi böyük informasiya həcmi toplamağa, əyləclərin keyfiyyətini, onların hansı temperaturda yaxşı işlədiyini, soyutma sisteminin vəziyyətini, yanacaq sərfini və şinlərin qızma dərəcəsini yoxlamağa imkan verir. Bununla da uik-endin gedişində adaptasiya prosesi gedir.

Siz hansısa səbəbdən vaxt itkisinə yol verdikdə, zaman dəyişikliklərinə uyğunlaşmaq çətinləşir. Əlbəttə, bu məsələdə Bakıda hamı eyni vəziyyətdə idi. Nəticədə biz cümə günü keçirdiyimiz ikinci məşqdə sessiyanın sonunda, habelə onun əvvəlində keçməli olduğumuz dairələri daha uzun etməli olduq. Qısa olması nəzərdə tutulan seriyada biz daha çox dairəni qət etməyə məcbur olduq.

Bununla belə, onsuz da əlverişli olmayan vəziyyətdə qalırsınız və trasda olduğunuz 3 saat ərzində toplamalı olduğunuz informasiyanın bir hissəsini itirirsiniz. Belə vəziyyətdə hansısa eksperimentlər həyata keçirmək lazım gəlir, daha çox informasiya toplamaq məqsədilə maşının sazlanması zamanı riskli yanaşmaya yol verilir. Artıq şənbə günü əldə edilən informasiyanın hamısını cəmləşdirirsiniz.

-Təsnifatın finalında Luis Hamilton və Valtteri Bottasın həlledici cəhddən qabaq pit-leynin sonunda olmasının səbəbi nə idi? Siz start prosedurasının məşqini həyata keçirirdiniz, yoxsa trasın örtülməsinin ən optimal səviyyəyə çatmasını gözləyirdiniz?

-Yəqin ki, siz komandamızın hər iki pilotunun pit-leyndən çıxışda sola sıxıldıqlarını gördünüz, onlar dayanıb digər maşınların keçməsini gözləyirdilər. Məsələ trasın vəziyyəti ilə bağlı deyildi.

İndi təsnifatlarda slipstrim effekti çox əhəmiyyətli ola bilər. Əgər hər hansı maşın sizin bolidinizdən bir neçə saniyə arxada gedirsə, o, havada sanki “dəlik” açır. Bu isə ona gətirib çıxarır ki, sizin maşınınızın hər hansı müqavimət gücü bir az azalır. Bakıda bu effekt daha ciddi səviyyədə – hər dairədə 0,4 saniyədir və sizin poulu bilməyiniz də bundan asılıdır.

Son yürüşlərdə artıq siz pit-leyndə “Meksika qarşıdurması” adlanan prosesin şahidi olursunuz. Bütün maşınların mühərrikləri işə salınıb və hər kəs rəqibinin hərəkətlərini izləyir. Kimin maşını trasa birinci çıxacaq? Belə ki, digərləri üçün slipstrim effektini məhz həmin pilot yaradacaq. Şanxayda biz çox gec tərpəndik, digər maşınlar sürətli dairəyə çatmağa macal tapmamışdı. Lakin sessiyanın vaxtı bəzilərinin dairəyə çıxmasından tez başa çatdı. Biz yaxşı başa düşürdük ki, Bakıda komandamızın poulda olması məhz bundan asılıdır. Həmin məqamda biz maşınları boksdan bir az tez buraxmaya qərar verdik ki, bu da digərlərində reaksiya doğurdu. Planımız işə yaradı.

Lakin biz böyük risk edirdik. Maşınlarımız damalı bayrağın yellənməsinə cəmi bir neçə saniyə qalmış xətti keçə bildi. Bununla belə, həmin şəraitdə hər şey alındı. Maşınlarımız sola yönəldi və digərləri yanımızdan keçdi, həm də ilk keçən Fettel oldu. O, həmin məqamda slipstrimdən istifadə edə bilmədi, amma bizim pilotlar rəqiblərin arxasında əlverişli vəziyyətdə idi və bu səbəbdən də üstünlük əldə etdilər.

Bu planı əvvəlcədən müzakirə etmədən həyata keçirmək mümkün deyil. Pilotlar onu başa düşməli və qəbul etməlidirlər. Şənbə günü səhər onlarla müzakirə apardıq və əmin olduq ki, pilotlar planın mahiyyətini yaxşı dərk ediblər və onlardan nə asılı olduğunu dəqiq biliblər. Yürüşçülərimiz bu işin öhdəsindən əla gəldilər.

-Yürüşün gedişində siz “Ferrari”nin erkən pit-stopuna reaksiya verib taktikanıza düzəlişlər etdinizmi? Siz trasda daha çox qala bilərdiniz, yaxud şinlər artıq yeyilmişdi?

-Yüksək səviyyəli komandalardan yürüşə orta sərtliyi olan şinlə başlayan yalnız Şarl Lekler oldu. Qalanları yumşaq rezinlərdə gedirdilər və onlar gözlədiyimizdən pis çıxdı. Biz güman edirdik ki, asfaltın temperaturu bir az yüksək olduğundan bu şinlərlə 14-15 dairə qət etmək mümkün olacaq. Lakin aydın oldu ki, artıq 7-8-ci dairələrdən sürət aşağı düşməyə başlayıb. Həmin vaxt Lekler hamıdan tez gedirdi və Medium şinlərinin necə yaxşı işlədiyini göstərirdi.

Pit-stopa ilk olaraq Fettel yollandı və anladıq ki, bizim hər iki maşın buna reaksiya verməlidir. Valtteri ilə Luis arasında məsafə az idi, əgər boksa Hamiltonu dəvət etsəydik, bu, Bottasın yürüşünə mənfi təsir edə bilərdi. Biz irəlidə gedən maşın üçün optimal şərait yaradırıq. Yalnız bundan sonra çalışırıq ki, komanda nəticədə qələbə dublu qazansın. Siz Valtterinin pit-stopdan sonra trasa qayıtdığını gördünüz, iki dairədən sonra isə Luis də Fetteli qabaqlayaraq pit-stopa çatdı.

-Luisə yürüşün sonunda Valtteri ilə rəqabət aparmaq icazəsi verilmişdi?

-Bu məsələyə cavab vermək asandır, bəli. Biz Formula 1-də çalışmaqla yanaşı, həm də azarkeşlərik. Mən pilotlarımızın mübarizəsini izləməyi xoşlayıram, amma oturub bunu sakit seyr etmək çox çətindir. Lakin biz praktiki olaraq onların rəqabətinə müdaxilə etmirik. Əsəbiləşmək lazım gəlir, amma biz pilotlara mübarizə aparmaq imkanı veririk və onlar öz işinin öhdəsindən çox gözəl gəlirlər. Axı hər ikisi yüksək səviyyəli peşəkardır.

-Kimin podiuma qalxacağını və komandanın adından qələbə kubokunu alacağını kim həll edir?

-Podiuma qalxmaq böyük şərəfdir. Bu cür şəraitlərdə mən bir neçə dəfə podiuma çıxmışam və həmin məqamda nə hiss etdiyimi sözlə ifadə etmək çətindir. Sən podiumun aşağısında bütün komandanın toplaşdığını görürsən və qeyri-adi qürur hissi keçirirsən.

Kimin podiuma qalxacağı kimi həsəd ediləsi qərarı vermək Toto Volffun vəzifəsidir. Onda “Mercedes” komandasının üzvlərinin göstərdikləri xidmətlərə əsaslanan tam siyahısı var və oraya bu şərəfə həqiqətdən layiq olanlar daxil ediliblər. Bakıda bu şərəf mexanik Stüart Qrinə nəsib oldu və mən onun üçün çox şadam.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!