Beynəlxalq Muğam Mərkəzi təntənəli tədbirlə fəaliyyətinin 10 illiyini qeyd etdi

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində fəaliyyətinin 10 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov , “Mədəniyyə kanalının direktoru Ramil Qasımov  və incəsənət nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə büstləri Mərkəzin foyesində yerləşən görkəmli muğam ustadlarının həyat və yaradıcılığı haqqında məlumat daşıyan müasir interaktiv lövhələrlə, yeni açılan qədim musiqi alətləri ekspozisiyası və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış olublar. Mərkəzin foyesində “Əsrlərin sədası” ansamblı çıxış edib.
Yubiley tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, 10 il bundan əvvəl məhz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. “Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin bu qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, nə qədər uğurlu yol keçib. Muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür”, – deyə nazir qeyd edib.
Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.  Muğam ifaçılığı, tar və kamança bir daha təsdiq etdilər ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur.
Bildirib ki, bu musiqi beynəlxalq səviyyədə bu gün yüksək səviyyədə qəbul edilirsə, buna görə də ölkəmizdə bu cür Muğam Mərkəzinin yaradılması çox zəruri idi.
Binanın formasının Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırladığını deyən nazir bildirib ki, Muğam Mərkəzi paytaxtın ən gözəl, memarlıq abidələrindən biridir.
Nazir, həmçinin qeyd edib ki, Mərkəzdə xalq arasında çox sevilən görkəmli muğam ustadlarının büstləri qoyulub.
Heydər Əliyev Fondunun təşəbbüsü  və bilavasitə rəhbərliyi altında Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq keçirilən Beynəlxalq Muğam Festivalı və Muğam Televiziya Müsabiqəsi barədə danışan nazir qeyd edib ki, bu tədbirlər dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib: “Bu layihələrin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır, onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə  ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir”.
Beynəlxalq Muğam Mərkəzində görkəmli sənət ustalarının xatirə  gecələri, yubileyləri və yaradıcılıq axşamları da təşkil edilir.
Tədbir muğam konserti ilə davam edib. Konsert proqramında Babək Niftəliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Arzu Əliyeva və Nisbət Sədrayeva çıxış ediblər.

Beynəlxalq Muğam Mərkəzinin 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər davam edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: