Oxu zalıTəqdimat

“Müəllim dünyası” kitabının təqdimatı olub

Tanınmış yazıçı-publisist Saminə Hidayətqızının tərtibçisi və redaktoru olduğu “Müəllim dünyası” kitabının təqdimat mərasimi keçirilib. Kitabda 85 yaşlı görkəmli pedaqoq, böyük riyaziyyatçı Bəhram Yusifzadənin tələbəsi olan, 63 il riyaziyyat fənnini tədris etməklə yanaşı, təhsil sahəsində müxtəlif məsul vəzifələrdə çalışan, ömrünün böyük hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edən qocaman müəllim Möhtəmən Dənziyevin həyatı və pedaqoji fəaliyyəti əks olunub.

“Müəllim dünyası”nda şərəfli ömür yolu keçmiş, müxtəlif ictimai-siyasi formasiyalarda yaşamış, “Uzunömürlülər festivalı”nın iştiraçısı, el ağsaqqalı Hacı Möhtəmən Dənziyevin həyat və nümunəvi fəaliyyəti ilə bərabər, yaz aylarında ətriyyat mağazalarına bənzədilən Lerik dağlarının qoynunda yerləşən qədim Çayrud kəndinin tarixi, əsrarəngiz təbiəti, çağrafi mövqeyi, qədim keçmişi və bu günü haqqında da geniş məlumat verilir. Həmçinin kitabda arxiv materiallarından və tarixi sənədlərdən istifadə edilməklə Çayrud kəndində son 600 il ərzində yaşayan insanların səcərəsi də adbaad təqdim olunur. Sumqayıt şəhərində keçirilən təqdimat mərasimində görkəmli pedaqoqdan vaxtı ilə dərs almış, hazırda müxtəlif sahələrdə çalışaraq ölkənin tanınmış şəxslərinə çevrilən şagirdləri, həmkarları, Bakı, Sumqayıt və Lerikin sayılıb seçilən ziyalıları iştirak ediblər.

Filologiya üzrə elmlər doktoru, professor Elman Quliyev, geodeziya elmləri doktoru Cahangir Suvarov, SNT İnşaat Şirkətinin prezidenti, Əməkdar mühəndis Şəmsəddin Aslanov, Respublika Ağsaqqallar Şurasında Hüquq məsələləri komissiyasının sədri – ehtiyatda olan polis polkovniki Cabir Kazımov, xeyriyyəçi ziyalı Ehtiram Miriyev, sevilən aktyor, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, hüquqşünas Elman Kişiyev, yazıçı-dramaturq, Prezident mükafatçısı Samir Sədaqətoğlu və başqaları çıxış edərək əziz müəllimləri, el ağsaqqalı Hacı Möhtəmən Dənziyev və onun nümunəvi, şərəfli həyat yolundan bəhs edən “Müəllim dünyası” kitabı haqqında fikirlərini bölüşüb, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar. Qeyd edək ki, “Müəllim dünyası” kitabının ön sözünün müəllifi professor Elman Quliyev, məsləhətçisi yazıçı-publisist İsaq Əmənullayev, naşiri poliqrafiya sahəsində müxtəlif beynəlxalq mükafatların sahibi Akif Dənzizadədir. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!