“Müasirlik və ənənə” adlı konfrans-sərgi keçiriləcəkdir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində 3-12 may tarixlərində “Müasirlik və ənənə” adlı Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş konfrans-sərgi keçiriləcəkdir. Konfrans-sərginin proqramına daxildir: elmi konfrans (3 may saat 11:00), interaktiv sərginin açılışı ( 3 may 12:30), Azərbaycan xalçaçılığı tarixinə həsr olunmuş video yayımı.

Tədbir Azərbaycanda xalçaçılığın inkişafına və ənənələrin qorunub saxlanılmasına xüsusi diqqət ayırmış Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmişdir. Prezident İlham Əliyevin xalçaçılıq sənətinə göstərdiyi diqqət və qayğısını biz bugün, öz dərin kökləri ilə qədim Azərbaycan xalçaçılıq ənənələrini özündə birləşdirən, ölkənin ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən bədii toxuculuq və xalça sənəti fakültələrinin inkişafında görürük. Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanda  5 may “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.

3 may saat 11:00-da baş tutacaq konfrans-sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət  xadimi, BMT-nin sülh səfiri, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq ve İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini Kübra Əliyeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Xalça muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti  Münəvvər Hacıyeva, ADRA-nın doktorantı Nazilə Hüseynova, ADRA-nın dissertantı Arzu Zeynalova çıxış edəcəklər.

Dekorativ tətbiqi sənət fakültəsi yarandığı gündən Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrası ölkənin ali incəsənət institutları üçün bazadır. 16 il ərzində xalça və xalça məmulatları kolleksiyalarını institutun bakalavr və magistr tələbələrinin kurs işi və bütün diplom işi nümunələri təşkil etmişdir. Eskizlərdə diqqətlə hazırlanmış, yaradılmış və daha sonra millimetrlik kağızlara köçürülmüş Azərbaycan müasir xalça sənətinin bu şah əsərləri xalçaçı rəssamların özləri tərəfindən dəzgahlarda toxunmuşdur.

Sərgi “Bədii toxuculuq və xalça sənəti” kafedrasının müəllim və tələbələrinin nailiyyətlərinin nümayişi və hesabatı, onların parlaq yaradıcılıq və əsas tendensiyalarının həlli olacaqdır. Vernisajın fonunda  Akademiyanın müəllim, tələbələ və xalça sənəti nəzəriyyəçilərinin bu sahənin mövcud problemləri və sonrakı inkişafına dair perspektiv məsələlər barədə müzakirləri nəzərdə tutulmuşdur.

Sərgidə Rəssamlıq Akademiyasının xalçaçılıq sənətinin müasir əsərlərindən ibarət kolleksiyasından təxminən 100-dən artıq eksklüziv xalça məmulatı və eskizlər nümayiş olunacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş konfran-sərgi 12 may 2017-ci il tarixinədək  davam edəcəkdir. Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: