EventsMədəniyyətTəqdimat

Muğam Mərkəzi “Dəyirmi masa” layihəsinin növbəti tədbirini Gürcüstanda keçirəcək

Oktyabrın 29-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda dəyirmi masa keçiriləcək.

Tədbirdə Tbilisi Dövlət Folklor Mərkəzi, Tbilisidə yerləşən M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzi, Gürcüstan Xalq Mahnı və Alətləri Muzeyi və Tbilisi Dövlət Konservatoriyasının əməkdaşları, habelə Azərbaycan tərəfindən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, musiqişünas, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, tədqiqatçı-alim Gülhüseyn Kazımlı məruzələrlə çıxış edəcəklər.

Muğam Mərkəzindən Frame.az-a bildirilib ki, layihənin bədii hissəsində Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” muğam qrupu, Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, Etnocaz qrupu konsert proqramını təqdim edəcək.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır. “Dəyirmi masa” layihəsinin məqsədi Azərbaycan muğam sənətini və milli mədəni irsin təbliğinə xidmət edir.

Qeyd edək ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Gürcüstan Dövlət Folklor Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!