TeatrTəqdimatƏn Son

Elçin Həmidov Musiqili Teatrda yad ediləcək

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, iyul ayının 1-də saat 19:00-da Üzeyir Hacıbəyovun “Ər və arvad” iki hissəli musiqili komediyasının növbəti nümayişi Respublikanın Əməkdar artisti, mərhum aktyor Elçin Həmidovun 60 illik yubileyinə həsr olunacaq.

Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktyorun yaradıcılıq yolu barədə çıxış edəcək.

Səhnə əsərində sevimli Xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Fərid Rzayev və başqaları çıxış edəcəklər.

28 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərmiş Elçin Həmidov bu teatrın səhnəsində  “Boşanaq, evlənərik”də (V.Adıgözəlov, Ə.Kürçaylı) İkram, “Qarğa məndə qoz var”da (H.Qurbanov, C.Aslanoğlu) Zərzibonskaya, “Qızıl gül”də (S. Hacıbəyov) Azay, “Beş manatlıq gəlin”də (S.Rüstəmov, M.Səid Ordubadi) Nadir, “Özümüz bilərik”də (S.Ələsgərov, Ş.Qurbanov) Miriş, “Subaylarınızdan görəsiniz”də (S.Ələsgərov, İ.Məlikzadə) Mayıl, “Hərənin öz ulduzun”da (S.Ələsgərov, İ.Məlikzadə) Nəzir, “Nəğməli Könül”də (E.Sabitoğlu, X.Hasilova) Mustafa, “Əlin cibində olsun”da (O.Rəcəbov, A.Babayev) Şəkərli, “İdialı qaraçı”da (İ.Kalman) Estraqon, “O olmasın, bu olsun”da (Ü.Hacıbəyli) Rza bəy, “Talelər qovuşanda” komediyasında (R.Hacıyev) Totuş rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır. İstedadlı aktyor həmçinin “Planet Parni iz Baku” KVN teatrında çalışmış, “Məhəllə – 1” və “Məhəllə – 2” filmlərində canlandırdığı komik “Məzi” obrazı ilə hamının yaddaşında silinməz iz qoymuşdur.

“Məharətli aktyorluq bacarığına malik Elçin Həmidovun yaradıcılığı çoxşaxəli və zəngin idi… O, qeyri-adi aktyor idi. Onun parodiyalarını hamı sevirdi. O, Musiqili Teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasında Kəblə Qubad obrazını ifa etmişdir. Odur ki, biz iyulun 1-də bu komediyanı təqdim etməklə Elçini bir daha xatırlayacağıq. Onun bu səhnədə son yaradıcılıq işi Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaişnitsa oldu.Son oynadığı premyera… Vaxtsız əcəl onu bizim aramızdan tez apardı və teatr cameəsini çox sarsıtdı. Elçin Həmidovun əziz xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”,- deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!