EventsMuğamMüsabiqələrMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Muğam- 2019” Televiziya Müsabiqəsinin beşinci həftəsi keçdi

Aprelin 9-da və 11-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən “Muğam – 2019”  VII Televiziya Muğam Müsabiqəsinin  beşinci turu tamamlandı.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.
Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.
 İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarından  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Beşinci turun mövzusu  məşhur şair-qəzəlxan Hacı Mailın qəzəlləri idi.
Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli   sənətkarlar  Qulu Əsgərovun  və  Bakir Haşımovun  ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi.
 Müsabiqə iştirakçılarını müşayiət edirdilər:  tarda Rəşad İbrahimov  və  Rüstəm Müslümov, kamançada Təbriz Yusubov  və  Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov.
Beşinci turun nəticələrinə görə  –   Tariyel Vəliyev, Hüseyn Səba, Faiq Əkbərov, Zülfiyyə Cəbrayılzadə, Xəyal Hüseynov, Nəcibə Məmmədova,  Vəliş Mirzəyev, Suma Tapdıqova, Murad Rüstəmzadə, Rəvan Qaçayev, İlahə Rüstəmova 63 bal, Mehin Qarayeva, Zibər Zamanova 62 bal, Qələm Qocamanova, Türkanə Nəcəfova 61 bal, Zaur Mürsəlov və Əfqan Mahmudov 60 bal topladılar.
 Müsabiqənin şərtlərinə görə  ən az bal toplayan iştirakçılar  Zaur Mürsəlov və Əfqan Mahmudov yarışmanı tərk etdilər. Beləliklə, 15 iştirakçı qaldı.

Müsabiqənin altıncı turu  aprel ayının  16-da və 18-də  keçiriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!