Musiqili Teatrda Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq

Bu il böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Hacıbaba Bağırovun 85 illik yubileyi Dövlət Musiqili Teatrında qeyd olunacaq. Teatrın rəhbərliyi böyük gülüş ustasının yubileyi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb. “Yaratdığı bənzərsiz obrazlarla Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış böyük sənətkarımızın məzarı doğum günü – 12 iyun tarixində kollektivimiz tərəfindən ziyarət olunacaq. İyunun 11-də isə vaxtı ilə onun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının nümayişi nəzərdə tutulur.

Bu il yubiley tədbirləri çərçivəsində teatrımızda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi də təşkil olunacaq. Şölə Bağırova çox istedadlı övladdır. Onun oxuduğu məktəbdə ötən il təşkil olunan sərgisində də yaxından iştirak etdik, balaca balamıza dəstək olduq. Hacıbaba Bağırovun sənətini sevənləri onun 85 illik yubileyi ilə bağlı təşkil olunacaq bütün tədbirlərə dəvət edirəm. O, Azərbaycan mədəniyyət tarixində əbədi iz qoyan şəxsiyyətlərdən biridir. Aktyorun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”, – deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: