Musiqili Teatrın gənc dirijorunun Flarmoniyanın səhnəsində debütü

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib. Layihədə ölkənin müxtəlif musiqi məktəblərində təhsil alan yeniyetmə və gənc istedadları – musiqiçi və vokalçılar Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə böyük səhnədə öz məharətlərini nümayiş etdiriblər.

Konserdə orkestri Musiqili Teatrın gənc dirijoru, beynəlxalq müsabiqələr laureatı Orxan Həşimov müşayət edib. Orxan Həşimovun rəhbərliyi ilə keçirilən  konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını qırmızı diplomla bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər  bir çox müsabiqələrdə – 2015-ci il may ayında Moskvada keçirilən “Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış,2016-cı ildə  Kremldə “Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konsert verərək diploma layiq görülmüşdür.

Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və  Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.

Musiqili Teatrın rəhbərliyi Orxan Həşimovun Flarmoniyadakı uğurlu çıxışını yüksək qiymətləndirib və dirijor müvafiq əmrlə mükafatlandırılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: