“Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı olub

Oktyabrın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun yaradıcılıq sərgisi, eyni zamanda görkəmli sənətkarın həyatına ithaf edilmiş “Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib.

Frame.az xəbər verir ki, dahi Nizaminin “Sənsiz” romansının səsləndirilməsi ilə başlayan tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, görkəmli fırça ustaları iştirak ediblər.

Muzeyin direktoru, professor Çingiz Fərzəliyev Müslüm Eldarovun qısa, lakin mənalı bir ömür yolu keçdiyini bildirib. Deyib ki, o, Azərbaycan heykəltəraşlığında öz üslubunu, dəst-xəttini yaradan sənətkarlardandır.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə və başqaları çıxış edərək Müslüm Eldarovun sənət dünyasından, Azərbaycan təsviri sənətinə, xüsusilə də heykəltəraşlığına bəxş etdiyi ölməz incilərdən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, oxuculara təqdim olunan “Müslüm Eldarov” adlı monoqrafik kitab rəssamın həyatı, fikirləri, duyğuları, əməli və vəfatı haqqında ən məhrəm düşüncələri açıqlayır.

Diqqətə çatdırılıb ki, Müslüm Eldarov 1956-cı ildə görkəmli heykəltəraş Ömər Eldarovun ailəsində dünyaya göz açıb. 1971-1975-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, 1975-1981-ci illərdə isə İ.Repin adına Rusiya Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. Ötən əsrin 80-ci illərin ortalarında geniş vüsət almış yaradıcı gənclər hərəkatının parlaq nümayəndələrindən biri olub. O, Azərbaycan ziyalıları üçün yeni ideya mənbəyinə çevrilən və 1986-cı ildə əsası qoyulan ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak edib, sonralar həmin təşkilata rəhbərlik edib.

Vurğulanıb ki, Müslüm Eldarov 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində “Humay” Qalereyasını təsis edib.1994-cü ildə M.Eldarov beynəlxalq və regional əhəmiyyətli layihələr həyata keçirən “Anglo Caspian Publishing Ltd” şirkətinin təşəbbüskar və təşkilatçılarından biri olub. 1994-cü ildə nəşr edilən Xəzər hövzəsi ölkələrinə həsr olunmuş “Caspian” jurnalı bu layihələrin ilki olub, daha sonrakı illərdə isə “Salam”, “Great Silk Road”, “Casрian research” jurnalları da dərc edilib. Eyni zamanda, bu ictimai xadim tərəfindən “GSRW news” beynəlxalq xəbər agentliyi və Anglo-Casрian Publishing Ltd nəşriyyat evi təsis edilib, burada Azərbaycan, Qazaxıstan və Özbəkistana aid kitablar, “Qazaxıstan neft ensiklopediyası” kimi fundamental nəşrlər işıq üzü görüb, beynəlxalq sərgilər və müsabiqələr keçirilib.

Təəssüflə bildirilib ki, 2003-cü ildə Müslüm Eldarov həyatının 47-ci baharını yaşamadan, qəflətən gözlərini dünyaya əbədiyyən yumub. Ancaq bu istedadlı və gözəl insanın xatirəsi daima sənətsevənlərin qəlbində yaşayacaqdır.

Natiqlər bildirib ki, hər bir insan bu dünyaya müəyyən missiya ilə gəlir, amma hər kəsə bu missiyanın nədən ibarət olduğu aydın olmur və çox az insan öz təyinatını həyata keçirməyə müvəffəq olur. Müslüm bu mənada xoşbəxt adam idi. Onun etdikləri yüz ömrə bəs edərdi. Müslümün zamanı başqalarınkı kimi axıb getmirdi. Zaman sanki sürətini onun üçün yavaşıdırdı ki, o, daha çox iş görə bilsin. Müslüm isə həyatının heç bir dəqiqəsini belə itirmir, özünü bütövlüklə sevdiyi işə və sevdiklərinə həsr edirdi.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov oğlu ilə bağlı xatirələrini bölüşüb, onun sənət dünyasından söz açıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə rəssamın “Abşeron”, “Kompozisiya”, “Atamın portreti”, “Sərv ağacı”, “İt və qız”, “Elçi”, “Fransa xatirələri”, “Gənc qız” kimi 80-dən artıq rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.

Sərgi oktyabrın 17-dək davam edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: