EkologiyaFrame LifeSosialTəqdimatƏn SonƏn Son

Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmək üçün yenidən yaratmaq trendini təşviq edən platforma istifadəyə verilib

Azərbaycanda daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yeni platforma istifadəyə verilib.

Frame.az xəbər verir ki, Do-it-yourself (DIY), yəni “Özün Yarat” adlı platformanın istifadəçiləri əşyaların təkrar istifadəsi üçün yeni saytda yaradıcı fikirlər tapa və paylaşa bilərlər. Ən yaxşı fikirlər 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılacaq.

Platforma, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) həyata keçirdiyi, Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan EUforClimate regional təşəbbüsünün bir hissəsi olaraq istifadəyə verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının ərsəyə gətirdiyi və maliyyələşdirdiyi “Özün Yarat”, tullantıların azaldılmasında, eləcə də bizim israfçı istehlak mədəniyyətimizin ətraf mühitə vurduğu digər zərərli təsirlərini səngitməkdə effektiv bir yol kimi DIY trendinin məşhurlaşmağına dəstək məqsədilə yaradılıb.

Yenidən istifadə dünyada getdikcə məşhurlaşır.

“Özün Yarat” platforması Azərbaycanda bu tendensiyanın artmasına təkan vermək məqsədilə insanları köhnə məhsullardan və məişət tullantılarından ən yaxşı şəkildə istifadə etmək üçün innovativ həllər tapmağa həvəsləndirir.

Platforma “Dəyişiklik Evdən Başlayır!” şüarı altında istifadəyə verilərək, hər birimizin istehlak vərdişlərimizi dəyişərək daha dayanıqlı iqtisadiyyata töhfə verə biləcəyimiz mesajını göndərir. Yenidən istifadə etməyə təzə başlayanlar üçün platforma və onun istifadəçiləri gündəlik əşyaların yeni məqsədlərlə istifadəsi və tullantıların yaradıcı şəkildə fərqli məhsullara çevrilməsi üçün tövsiyələr və metodlar paylaşacaqlar.

Platformanın istifadəyə verilmə tarixi builki 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə üst-üstə düşür və bu təşəbbüs, ətraf mühitin qorunması səylərinə sərmayə qoyulmasının əhəmiyyəti barədə fərdlərdən tutmuş sənayə və hökümətlərə qədər cəmiyyətin bütün təbəqələrinin məlumatlandırması kampaniyası ilə müşayiət ediləcək.

Bu kampaniya, yeni platformanın özü kimi, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 2020 – #TəbiətÜçün – qlobal mövzusu ilə əlaqələndirilir və ətraf mühiti və biomüxtəlifliyi qoruyan daha “dairəvi” iqtisadiyyata keçmək məqsədi daşıyır.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, ətraf mühiti qorumaq üçün Azərbaycan son illərdə bir çox əlamətdar uğurlara imza atıb:

“Gələcək nəsillərə dayanıqlı miras qurmağa davam etmək üçün bütün vətəndaşların dəstəyinə ehtiyacımız var. İnanırıq ki, hökumət, beynəlxalq ictimaiyyət və bütün vətəndaşlar birgə çalışmaqla Azərbaycanda ətraf mühitin daha da yaxşılaşdırılmasına və ölkəni, iqlim dəyişikliyinin gətirəcəyi qaçınılmaz nəticələrə daha adekvat uyğunlaşdırmağa öz töhfəmizi verə bilərik”.

Aİ-nin Azərbaycandakı Səfiri Kastutis Yankauskas bu təşəbbüsün Aİ-nin Yaşıl Sövdələşməsinə və Dairəvi İqtisadiyyat Fəaliyyət Planına müvafiq olduğunu qeyd edib:

“Onların hər ikisi iqtisadiyyatlarımızı müasirləşdirməyə və dəyişdirməyə, həmçinin ətraf mühiti qorumağa xidmət edir. Biz insanların həyatını dəyişməkdə, eləcə də daha dayanıqlı istehsal üçün öz davranışımızı dəyişməkdə və planetimizi qorumaqda aparıcı rol oynamaq istəyirik. Biz, bütün bu işləri tərəfdaşlarımızla birgə görmək niyyətindəyik”

Biomüxtəlifliyin qorunmasının vacibliyi barəsində məlumatlılığın artırılması iqlim dəyişikliyi fonunda xüsusilə vacibdir. Bir milyon bitki və heyvan növü artıq məhv olmaq təhlükəsi ilə üz-üzədir və bu hal qida təhlükəsizliyinə təhdid yaradır, eləcə də həyat keyfiyyətimizi azaldır.

BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, ətraf mühitin qorunması ehtiyacının bütün qərar qəbuletmə proseslərinin, o cümlədən enerji istifadəsi, nəqliyyat və istehlaka dair fərdi qərarların mərkəzində olmasını təmin etmək hər zamankından daha vacibdir:

“Ölkələrin COVİD-19 pandemiyasından sonra ətraf mühitin bərpa edilməsi və yaşıllaşdırması planlarını qurduğu bir vaxtda, ətraf mühitin qorunması ehtiyacının bütün qərar qəbuletmə proseslərinin, o cümlədən enerji istifadəsi, nəqliyyat və istehlaka dair fərdi qərarların mərkəzində olmasını təmin etmək hər zamankından daha vacibdir. Yalnız davranışlarımızı və ən əsası istehlak vərdişlərimizi dəyişməklə biomüxtəlifliyin itkisini aradan qaldıracağımıza və nəticədə, iqlim dəyişikliyinə qarşı dayanıqlılığımızı artıracağımıza ümid edə bilərik”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!