FinansIqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

Nazir may ayında birdəfəlik ödənişin hansı şəkildə veriləcəyini açıqladı

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib. May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib”.

Frame.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

S.Babayev qeyd edib ki, onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər:

“Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib.

Digər bir istiqamət kimi məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır”.

Sahil Babayev deyib ki, Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edildi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələyib.

Nazir qeyd edib ki, sənəddə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb, məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrılıb:

“Həmin istiqamətlər üzrə qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlərə başlanıb və onlar hazırda davam edir. Bu istiqamətlərə iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, 2,3 milyon insanı əhatə edən sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. daxildir”.

“Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərin və peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinin sosial müdafiəsi, özünüməşğulluq proqramının genişləndirilərək icrasının sürətləndirilməsi, xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi, sosial yardımın verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi, tənha yaşlılara sosial xidmətlərin təşkili işinin miqyasının artırılması və digər dəstək tədbirləri qeyd edilən proqramların istiqamətləridir”,-deyə nazir qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!