Növbəti Formula-1 Azərbaycan Qran-prisi üçün könüllülərin qəbuluna start verilib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) gələn il aprelin 27-29-da keçiriləcək növbəti Azərbaycan Qran-prisi üçün könüllülərin qəbuluna başlayıb.

BŞH-dən bildiriblər ki, bir sıra yeniliklərin nəzərdə tutulduğu builki qəbul zamanı yarışın könüllüsü olmaq istəyən namizədlərdən xarici dil bilikləri tələb olunur.

Həmçinin builki hazırlıq prosesində daha çox peşəkar inkişafyönümlü təlimlərə yer veriləcək və könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət göstəriləcək.

Gələn mövsüm keçiriləcək Azərbaycan Qran-prisinin təşkilatçılıq işlərinə, ümumilikdə 3 min könüllünün cəlb olunması nəzərdə tutulur.

Müsahibə mərhələsini uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova növbəti yarış mövsümünə hazırlığın builkindən geri qalmayacağını bildirib: “Əsas məqsədimiz könüllülərimizin inkişafıdır. Biz bu istiqamətdə səmərəli addımlar atmağa çalışırıq. Könüllülərin böyük əksəriyyəti Azərbaycan gəncləridir. Biz onların fərdi inkişafını təmin etməklə ölkə gəncliyinin inkişafına öz töhfəmizi verməyə çalışırıq”.

İranə Əhmədova bildirib: “Hər zaman öz üzərində işləyən və yüksək bacarıq nümayiş etdirən 50 könüllü cari ildə təşkil olunan Azərbaycan Qran-prisinin təşkilində məhz işçi kimi çalışmaq imkanı əldə etdi və bu işdə onlar özlərini tam doğrultdular. Bu, bizim və könüllülərimizin uğurudur. Həmçinin yarışdan əvvəl və yarış zamanı yüksək əzmkarlığı ilə seçilən ən fəal 5 könüllü İtaliya Qran-prisində iştirak etmək imkanı qazandı.

“Bakı Şəhər Halqası” Akademiyası könüllülərin yalnız yarışlara yüksək səviyyədə hazırlanmasına deyil, eyni zamanda, onların karyera baxımından da inkişaf edib uğur qazanmasına dəstək göstərir. Bu il də akademiyada könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə maraqlı seminarlar və danışıq klublarının təşkilini nəzərdə tutmuşuq.

Əminliklə deyə bilərəm ki, bu il könüllülərimizi çox sayda sürpriz gözləyir. Fürsətdən istifadə edərək yarışa öz töhfəsini vermək istəyən hər kəsi könüllülər proqramına qoşularaq Formula-1 yarışının təşkili işində yaxından iştirak etməyə dəvət edirəm”.

Qeyd edək ki, 2018-ci ildə keçiriləcək Formula-1 Azərbaycan Qran-prisində iştirak üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləyə bilmək və güclü həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Şərtlərə cavab verən hər bir şəxs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: