NUR ART HOUSE proqram-sərgilər silsiləsinə start verir

NUR ART House qalereyasi Azərbaycanda ilk dəfə proqram-sərgilərə start verir. NUR ART House qalereyasinin baş direktoru, professor, sənətşünaslıq doktoru Röya Tağıyeva YouthPortal.az – a verdiyi məlumata görə, sənətsevərlər proqram çərçivəsində Azərbaycan incəsənətinin parlaq nümayəndələrinin əl işləri ilə tanış olmaqla yanaşı, “ustad dərsləri”ndə, seminar və mühazirələrdə iştirak edəcək, onlarla canlı ünsiyyətdə olub, sənət və uğur sirlərini öyrənəcək, silsilə tədbirlər həvəskarların məşğuliyyətinə, sənətdə ilk addımlarını atanların peşəkarlaşmasına, ustadların isə təcrübələrinin paylaşmasına xidmət edəcək.

“Biz böyük həvəslə bu missiyanı üzərimizə götürür və sizi 28 dekabr 2016-cı il tarixində saat 14.00-da açılacaq ilk proqram-sərgiyə dəvət edirik. “Keçmişdən sabaha” adlı proqram-sərgidə siz “Azərbaycan xalçaçilari” İctimai birliyinin üzvləri: tanınmış xalçaçı-rəssamlar, ölməz Lətif Kərimov məktəbinin davamçıları, yaratdıqları əsərlərlə Azərbaycan xalçasının klassik ənənələrinə yeni ruh verən və sənəti öyrətməkdən usanmayan Hacı Eldar Mikayılzadənin, Lətifə xanım Qarayevanın, Eldar Hacıyevin, Elyar Quliyevin, Adil Məmmədovun, Azərbaycanda çətən sənətini yaşadan və gənclərimizə yorulmadan aşılayan xalçaçı-rəssam Tariyer Bəşirovun, ənənəvi xalça sənətini ustadlarından öyrənib ona özünəməxsus tərzdə yanaşaraq həcm və kolorit gətirən, gənclik şövqü ilə yeni interpretasiyanın ahəngini tamaşaçıya təqdim edən xalçaçı-rəssamlar Nərmin xanım Əliyevanın, Ayturan xanım İbrahimovanın, ölkəmizin incəsənət tarixində özünəməxsus yeri olan və məişətində dərin iz buraxan keçəçilik sənətini yaşadan rəssam Rauf Əbdulhüseynoğlunun, hər ilməsi bir zəriflik nümunəsi olan, tikmələri göz oxşayan Şəhla xanım Əsgərovanın, muncuqdan toxunn xalçaları ölkəmizin hüdudlarını aşan, hər əsəri ilə unudulmaqda olan bir xalça kompozisiyasını yaşadan tikmə ustası Bədirə xanım Əliyevanın bir-birindən gözəl, xalça ornamentləri üzərində qurulmuş xalq tətbiqi sənət nümunələri ilə tanış olacaq, hər biri bir inci olan, müəlliflərinin hiss və həyəcanlarını, tamaşaçıya ünvanlanmış ismarıclarını, qəlb döyüntülərini eşidəcəksiniz”.

Tədbirlərdə məqsəd zəngin bədii xüsusiyyətlərə malik Azərbaycan xalçasını məhz bu rakursdan təqdim etmək, dekorativ-tətbiqi sənətin müxtəlif janrlarında çalışan sənətkarlarımızla sənətsevərlərin ünsiyyətini yaratmaq, sənətin yaşaması, sənətkarlara olan tələbatı və bu gün Azərbaycan tamaşaçısının görmək istədiyi əsərləri araşdırmaqdır.

Həmişəyaşar Azərbaycan xalçasından bəhrələnmək, bizimlə birlikdə sənət sevinclərimizi bölüşmək, sənətkarlarımızla canlı ünsiyyət qurmaq istəyənləri zəriflik dünyasında, ənənələrlə müasirliyin birləşmə nöqtəsində, sözlərin ilmələrin sehri ilə əvəz olunduğu, könülləri işıqlandıran məkanda – NUR Art House qalereyasinda qarşılamaqdan böyük zövq alacağıq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: