SəyahətTanış OlaqTurizmTəqdimat

Odlar Yurdu Universitetinin tələbəsi Hindistanda 6 həftəlik təcrübə proqramında iştirak edib

Odlar Yurdu Universitetinin maliyyə ixtisasının 548M qrup tələbəsi Asif Mehdiyev Hindistanda 6 həftəlik təcrübə proqramında iştirak etmişdir.

O, bildirib ki, təlimin ilk həftəsində, Hindistanda müxtəlif elm adamları, dövlət xadimləri, eləcə də biznes təcrübəsi olan şəxslərin təqdimatında seminar və treyninqlər keçirilib, ölkənin mədəniyyəti və tarixi ilə yaxından tanış olublar.
Təcrübə proqramı nəzəri biliklərlə yanaşı, faktiki tətbiq olunan praktiki informasiyalarla zənginləşdirildiyi üçün daha səmərəli keçdi., Ahmedabad şəhərində innovasiya fəaliyyətləri ilə məşğul olan qurumlar, əhalinin məşğuliyyəti, həmçinin tarixi-mədəni məkanlarla yaxında tanış edilir.

Asif Mehdiyevin təcrübə proqramı ilə bağlı təəssüratlarını təqdim edirik:

“Bir ölkə düşünün, 1.5 milyard əhali, minlərlə din, yüzlərlə dil və fərqli mədəniyyətlər bir yerdə cəmləşib. Öyrənmək, araşdırmaq, eləcə də gələcəkdə karyeramın inkişafı məqsədilə Hindistana səyahət etməyi düz 2 il idi ki, planlayırdım. Ölkəni araşdırdıqca necə gözəl, rəngarəng və çox fərqli ölkə olduğunu gördüm. Beləliklə, Hindistana 5-10 günlük yox, daha uzun müddətlik getmək və ölkənin mədəniyyətinə daha dərindən bələd olmaq qərarına gəldim. Hindistanı bacardığım qədər dərindən öyrənə bilmək üçün ən əlverişli variant AIESEC Azərbaycan təşkilatının həyata keçirdiyi “Global Volunteer” təcrübə proqramı idi. Bu təşkilatın köməyi ilə Hindistana 20 İyulda “Sales & Marketing” adlı layihədə iştirak etmək üçün yola düşdüm.
Nyu Dehliyə çatanda olduqca qəribə hisslər keçirirdim. Mən artıq illərdir xəyalını qurduğum ölkədəyəm. Hava limanında viza və digər məsələləri həll etdikdən sonra öncədən rezervasiya etdiyim mehmanxanaya getdim. Mehmanxana Paharganj adlanan bölgədə yerləşirdi və ora çatanda o bölgədəki izdiham və səs-küy məni riqqətə gətirdi. Mehmanxanada əvvəlcədən rezervasiya etdiyimi bildirdim, işçilər isə sistemi yoxlayandan sonra yer olmadığını dedilər. Həmin an anladım ki, həqiqətən Hindistandayam, planların işə yaramadığı ölkədə… Məcbur qalıb, internet taparaq yeni mehmanxana rezervasiya edib oraya doğru yollandım. Bir neçə saatlıq yuxudan sonra artıq arzuladığım şəhəri gəzməyin vaxtı idi…
Pəncərəmdən baxdıqca özümü fərqli ölkədə yox, fərqli planetdə hiss edirdim. Uzun və dar yol, yoldan keçən avtomobillər, rikşalar, “tuk-tuk”lar, küçədə yaşayan insanlar, küçə yeməkləri (eng: street food) satanlar, qısacası qarmaqarışıq bir yer. Düşünürdüm ki, mən buraya niyə gəlmişəm, bəlkə geri dönüm?! Ancaq qarmaqarışıqlıqda irəliləməyə başladım. Onu deyim ki, əgər Dehlini gəzərkən sizə yaxınlaşan, sizdən gözləmədiyiniz sualları soruşan insanları görsəniz heç təəccüblənməyin. Bu, Hindistanda çox normal haldır. Həmin gün şəhəri az da olsa gəzdim. Amma daha böyük planlarım var idi. Hindistana gedən hər kəs kimi Tac Mahalı görmək. Tac Mahal Nyu Dehlidən 4 saat uzaqda olan Aqrada yerləşir. Həmin gün ərzində Aqra şəhərinə necə gedə biləcəyimi öyrəndim. Turistik bölgə kimi oraya səyahət təşkil edən bir çox tur şirkətlər var. Aqra kiçik və tarixi şəhər olduğundan 1 gün ərzində gəzib Dehliyə qayıda bilərsiniz. Aqrada gəzəcəyimiz ilk yer Aqra Fort adlanan yer idi. Aqra Fortdan sonra isə bizi dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal gözləyirdi. Tac Mahalı görmək insana təsvir edilməsi çətin hisslər yaşadır. Bir tərəfdən arzulara çatmağın verdiyi fərəh hissi, digər tərəfdən də tarixi əzəməti olan bu nəhəng tikilini görməyin yaratdığı təəccüb dolu həyəcan…
Mənim çalışdığım layihə Hyderabadda olduğu üçün 3 günlük Dehli-Aqra gəzintisindən sonra Heyderabada yola düşdüm. Heyderabadda olarkən ildə cəmi 1 dəfə keçirilən festivala qatılmaq şansım oldu. Festival Hinduizm dininin tanrılarından biri olan “Lord Ganesha”ya həsr olunur və 1 həftə davam edir. Heyderabadda Bollivud filmlərinin çəkildiyi Ramoji film şəhərciyindən başqa, demək olar ki, gəzib görməli yer yoxdur. Ona görə də Hindistanın ən böyük şəhəri olan Mumbaya getdim. Mumbay əsl Hind mədəniyyətindən uzaq kapitalist şəhərdir. Mən Mumbayda 3 gün qaldım. Amma Mumbayın hər yerini gəzmək istəsəniz, sizə daha çox vaxt lazım olacaq.
Hindistanın cənubunda məni çox gözəl təbiəti və əsrarəngiz mənzərələri olan, hindlilərin “Gods own country” dediyi Kerala şəhəri gözləyirdi. Kerala “Backwater Tours” (7-8 saatlıq qayıq turları), “Athirapally” şəlaləsi, milli parkları və hiking ilə məşhurdur. “Backwater” turu yerli və xarici turistlərdən ibarət 5-10 nəfərlik qruplar şəklində təşkil olunur. Turda tropik meşələri gəzə, həmçinin “Spice Garden” adlanan yerdə ədviyyatların dadına baxa bilərsiniz. Turlardan əlavə, Keralada yerli məhsullar da çoxdur. Keralaya gedəndə Biryani yeməyi də unutmayın. Bir az acıdır, amma dadlıdır. Keralada Hindistanın müstəqillik günü ilə bağlı keçirilən tədbiri də görmüş oldum.
Ekzotik yerlərdən danışarkən çimərlikləri ilə məşhur olan cənnətməkan Goanın adını çəkməmək olmaz. Bura gün batışını seyr etmək üçün ideal məkandır. Nəfəs kəsən mənzərə ilə qarşılaşmaq istəyirsinizsə, Goaya mütləq gedin.
Hindistanın möhtəşəm bölgələrindən əlavə, həm də təamları ilə seçilir. Etiraf edim ki, yeməkləri çox ədviyyatlı və acıdır, amma buna baxmayaraq, yemək çeşidləri rəngarəngdir.
Mən ümumi Hindistan səfərimə 45 gün həsr etdim. Tac Mahalı görmək, tropik meşələrdə gəzmək, ədviyyatlı yeməklər yemək, safari gəzintilərində iştirak etmək, fərqli mədəniyyətlərlə tanış olmaq, unudulmaz macəralar yaşamaq istəyirsinizsə, Hindistana səyahət edin”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!