On dördüncü Bakı Caz Festivalının ilk konserti İçərişəhərdə təşkil edilib

Artıq 14-cü dəfədir ki, paytaxtımızda Bakı Caz Festivalı təşkil olunur. Oktyabrın 18-də İçərişəhərdə festivalın açılış mərasimi keçirilib.

Frame.az xəbər verir ki, festivalda Kubanın “Yanssel və Los Amiqos” qrupu, Afşin Əlizadə, qarmon ifaçısı Seymur Həsənov və digər musiqi qrupları çıxış edib.

Festivalın həmsədri Leyla Əfəndiyeva deyib: “Festivalın başlanma tarixi Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edib. Bu, bizim üçün ikiqat bayramdır. Caz Azərbaycanda çox sevilən musiqi janrıdır. Caz azadlıq, demokratiya və əlbəttə ki, improvizasiya deməkdir”.

Qeyd edib ki, on gün davam edəcək festivalda 25 konsert təqdim olunacaq. Bakı Caz Festivalı yüksək musiqi bayramı, avanqard, ənənəvi və etnik caz, ustad dərsləri, rəsm və fotosərgiləri, dünya kinosunun caz mahnılarına dair müzakirələr və əlbəttə, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər deməkdir. Bütün bunlar “Daha çox caz, daha çox intellekt” şüarı altında keçiriləcək.

Festival bir neçə məkanda – “Landmark”, Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Kamera-Orqan Musiqisi Zalında təşkil ediləcək. Caz festivalının gözəçarpan məqamlarından biri də gecə yarısı “jam-session”dur. Bakı festivalı “Round Midnight” caz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir. Bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlərinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir. Bir qayda olaraq, caz musiqiçiləri, əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan cazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır.

“Əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün musiqi həvəskarları və caz biliciləri üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq”, -deyə Leyla Əfəndiyeva vurğulayıb.

“Bakı Caz Festivalı”nın açılış konserti bir-birindən maraqlı ifalarla davam edib.

Qeyd edək ki, “Yanssel və Los Amiqos” qrupunun yaradıcısı Yanssel Kasteyon Kubanın tanınmış bas gitaraçısıdır. O eyni zamanda gözəl müğənni və bəstəkardır. İlk dəfə səhnəyə 15 yaşında çıxıb. 2011-2018-ci illərdə Y.Kasteyon Türkiyədə fəaliyyət göstərərkən öz ölkəsinin musiqisini təbliğ edib. Bu ildən isə Bakı Caz Festivalına qatılmağa qərar verib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: