OPERA VƏ BALET TEATRINDA “QOYYA” BALETİNİN QURULUŞU HƏYATA KEÇİRİLİR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında “Qoyya” baletinin quruluşu üzərində fəal iş aparılır.

Tamaşanın quruluşu Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuşdur. Premyera tamaşası 2018-ci il fevralın 3-də keçiriləcəkdir. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün adlı-sanlı mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyət dəvət etmişdir.

Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalın bədii rəhbəri, YUNESKO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevin quruluş verdiyi tamaşalar hazırda dünyanın qabaqcıl opera və balet teatrlarının səhnələrində böyük uğurla nümayiş olunur. Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Premyera tamaşasını Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev iştirak edəcəkdir.

Yeni baletin əsas qəhrəmanı mürəkkəb taleyi, çətin xarakteri, böyük istedadı olan ispaniyalı rəssam Fransisko Qoyyadır. Onun həyat və yaradıcılığı bir sıra bədii əsərlərin mövzusuna çevrilmiş, rəssam haqqında romanlar yazılmış, filmlər çəkilmiş, musiqilər yaranmışdır.

Yaxın vaxtlarda Azərbaycan tamaşaçısı onun haqqında yaranmış balet tamaşası ilə tanış ola biləcəkdir.  Tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Nigar İbrahimova və Makar Ferştandt, aparıcı solistlər Anar Mikayılov və Cəmilə Kərimova ifa edəcəklər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: