Faydamız OlsunMəsləhətSağlamlıq

Orqanizmdə dəmir çatışmamazlığının əlamətləri

Dünən siz çox enerjili idiniz və qarşınızda heç bir maneənin dayanmadığını düşünürdünüz, amma bugün çarpayıdan belə dura bilmirsiniz və özünüzü çox yorğun hiss edirsiniz. Bəlkə siz sadəcə yorulmusunuz, amma ola bilər ki sizin orqanizminizdə dəmir çatışmamazlığı var. Qəbul etdiyiniz qidaların siyahısına baxış keçirməyin vaxtı gəldiyini necə müəyyən etmək olar?

Dəmirin orqanizmimizdəki rolu

Yaşlı insanın bədənində 3-4 qram (təqribən 0.02%) dəmir olur, bunun da 3.5 milliqramı qanın plazmasında yerləşir. Hemoqlobində bütün orqanizmdə mövcud olan dəmirin təqribən 68%-i, ferritində 27%, mioqlobində 4%, transferrində isə 0.1%-i olur.

Dəmirin funksiyaları

Ferment reaksiyaları tərkibində mübadilə proseslərində iştirak edir;
Eritrositlərin sintezində iştirak edir;
Hemoqlobinin sintezində iştirak edir;
Ağciyərlərdən oksigen molekullarının bütün bədən boyu daşınmasını həyata keçirir;
Orqanizmi enerji ilə təmin edir;
Fiziki və intellektual iş qabiliyyətini artırır;
İmmunitetin möhkəmlənməsinə kömək edir.

Orqanizmdə hemoqlobin nə qədər çox sintez edilərsə, oksigen də bir o qədər tez məşq zamanı bizim yorulmuş əzələlərimizə yetişər. Dəmir nə qədər az olarsa hemoqlobinin səviyyəsi də bir o qədər aşağı olar ki, bu da oksigenin çalışan əzələ və orqanlara vaxtında yetişməsinə əngəl törədə bilər. Nəticədə isə tez əldən düşmə və nəfəsin sürətlənməsi (tənəffüs vasitəsilə orqanizm oksigen axınının həcmini artırmağa çalışır) baş verə bilər.
Dəmir bizim bədənimizə qida vasitəsilə daxil olur. Bu qida heyvan mənşəli və bitki mənşəli olmaqla iki yerə bölünür. Bitki mənşəli qidaya nisbətən, heyvan mənşəli qida vasitəsilə daxil olan dəmir orqanizm tərəfindən daha tez həzm olunur (15-30%).

Askorbin turşusu və heyvani zülal orqanizm vasitəsilə dəmirin həzm olunmasını nəzərə çarpacaq dərəcədə sürətləndirirlər. Kalsium tərkibli yumurta və digər qidaların qəbulu isə əksinə, bu prosesi yavaşladırlar. Bu siyahıya qəhvə, çay (qara və yaşıl), bir sıra dərmanlar və E vitaminini də əlavə etmək olar.

Dəmir çatışmamazlığının əlamətləri

Torpaq, təbaşır, diş məcunu, xəmir və digər qəribə şeyləri yemək istəmək hissi. Elmə hələ tam məlum olmayan səbəblərdən orqanizmində dəmir çatışmamazlığı olan insanlarda torpaq, təbaşır, diş məcunu, xəmir, karton, gil və hətta akvarel rəngini belə yemək istəmək kimi qəribə hisslər baş qaldırır.
Kövrək dırnaqlar. Dırnaqların və saçların vəziyyəti orqanizmimizdə mövcud olan problemləri çox gözəl əks etdirir. Kövrək dırnaqlar və onların ətrafında olan dərinin pis vəziyyətdə olması dəmir çatışmamazlığının əlamətlərindən biridir. Dəmir çatışmamazlığı zamanı dırnaqların vəziyyəti “koylonihiya” adlanır və bu zaman onlar qaşıq forması alaraq sanki dəridə batırlar.

Çatlaq dodaqlar. Çatlaq dodaqlar yalnız anemiya göstəricisi deyil. Buna eyni zamanda otaqda olan havanın həddindən artıq quru olması, şiddətli şaxtalar və tez-tez dodaqların yalanması vərdişləri səbəb olur. Lakin dəmir çatışmamazlığı ilə bağlı yaranan dodaq çatlamasının bir spesifik xüsusiyyəti var – bu çatlar ağızın künclərində yaranır və o dərəcədə ağrılı olurlar ki, yemək yemək və hətta gülümsəmək belə çox çətin olur. Alimlər müəyyən ediblər ki, bu problemin yaranmasında 35% məhz dəmir çatışmamazlığı səbəb olur.

Dilin şişməsi. Dəmir çatışmamazlığının digər parlaq əlaməti – atrofik qlossitdir ki bu da dilin şişməsi və həddən ziyadə həssas olması ilə xarakterizə olunur. Bəzi insanlarda dil o dərəcədə şişir ki, səthi tam hamar olur. Bu şiş nitqlə, çeynəmək və udmaqla bağlı problemlər yaradır.

Buza qarşı olan meyl. Buz çeynəmək istəyi dəmir çatışmamazlığının digər əlaməti olub patofaqiya adlanır. Bu kəskin dəmir çatışmamazlığı göstəricisidir. Belə bir meylin səbəbi tam aydın deyil, lakin alimlər güman edirlər ki, buzun çeynənilməsi diqqəti artırır (bir qayda olaraq, dəmir çatışmamazlığı olan insanlar yorğun və əzgin olurlar, diqqət və məlumatların yadda saxlanılması ilə bağlı problemləri olur). Digər variant isə ondan ibarətdir ki, buz şişmiş dili sakitləşdirir.

Əgər birdən sizin könlünüzdən də buz çeynəmək keçərsə və bunu etdikdən sonra meyliniz yoxa çıxarsa narahat olmağa dəyməz. Adətən patofaqiyalı insanlar bir və ya iki buz qırığı ilə kifayətlənmirlər. Onların norması gündəlik olaraq bir fincandan bir kiloqrama qədər buzdan ibarət olur.

Ayaqlarda sancma hissinin olması. Əgər oturaq vəziyyətdə ayaqlarınızı daim hərəkət etdirmək və ya harasa getmək kimi hisslər sizi tərk etmirsə, sizdə narahat ayaqlar sindromu ola bilər. Bu hissi ayaqlarda sancma, dartma və yanma kimi xarakterizə etmək olar. Alimlər tam olaraq bu hissləri izah etməkdə çətinlik çəkirlər, lakin bir şey dəqiq məlumdur ki, bunlara səbəb bədəndə olan dəmir çatışmamazlığıdır.

Bu əlamətlərə eyni zamanda baş gicəllənmələrini, tez əldən düşmə, apatiya, diqqətin itirilməsi, zəif immunitet, həzm prosesində və qan dövranında olan problemləri, iştahın olmamasını və nəfəs çatışmamazlığın da aid etmək olar.
Həkimə nə zaman müraciət etməli.

Əgər siz özünüzdə yuxarıda sadalanan əlamətlərdən bir neçəsini hiss edərsinizsə dərhal həkimə müraciət edin və qanınızı analiz üçün verin. Analizlərin cavabından asılı olaraq həkim sizə qida rasionunuzda müvafiq dəyişiklik etməyi məsləhət görə və ya xüsusi dərman preparatları yaza bilər. Özünümüalicə ilə məşğul olmaq qaraciyərlə problemlərə və ilik toxumalarının itirilməsinə səbəb ola bilər. Sonuncu isə öz növbəsində osteoporoz ilə nəticələnə bilər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!