EventsMusiqiMədəniyyətTəqdimatƏn SonƏn Son

Özbək sənət ulduzları Azərbaycanda konsert proqramı ilə çıxış ediblər

Heydər Əliyev Sarayı noyabrın 22-də daha bir möhtəşəm konsertə ev sahibliyi etdi. Tez-tez bir-birindən populyar ifaçıların qonaq olduğu bu tarixi məkan bu gün tamam başqa ab-havada idi. Belə ki, müstəqillik tarixində ilk dəfə özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı təşkil olunmuşdu. Elə bu səbəbdən də, hər kəs konsertin başlayacağı anı səbirsizliklə gözləyirdi. Doğurdan da musiqi elə bir universal, ecazkar dildir ki, xalqları yaxınlaşdırır, birləşdirir, doğmalaşdırır, insanların qarşılıqlı ünsiyyətini həyata keçirir. Bakıdakı bu konsert də iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edirdi.

Frame.az xəbər verir ki, Heydər Əliyev Sarayında özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın Əməkdar artistləri, “Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Konsert Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Özbəkistanın “First Art Media” şirkətinın birgə layihəsi əsasında reallaşıb.

Konsert proqramı “Sizə salam gətirmişəm” musiqi klipinin təqdimatı ilə başlayıb.

Əvvəl səhnəyə dəvət olunan Uluqbek Raxmatullayev qonaqları salamlayaraq bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib. Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış edən Özbəkistanın gənc estrada ulduzu qardaş Azərbaycanda çıxış etməkdən məmnunluğunu söyləyib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu bildirən gənc estrada ulduzu özbək mahnıları ilə yanaşı, ilk dəfə Azərbaycan mahnısı da ifa edib.

Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onun üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.

Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı anşlaqla keçir.

Qeyd edək ki, Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

Müstəqilliyin ilk günlərindən başlayaraq Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Böyük perspektivlərə malik olan Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hökm sürən sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. Bu iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda səfirliyi fəaliyyətə başlayıb.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Müasir dövrdə əlaqələrimizin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Görkəmli Azərbaycan və özbək klassikləri – Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. 2004-cü ilin martında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı buna parlaq sübutdur.

Azərbaycanda da özbək xalqının zəngin tarixi və mədəniyyətinə, dünya sivilizasiyasının inkişafına verdiyi töhfələrə böyük hörmətlə yanaşılır. Əlişir Nəvainin Bakıda böyük abidəsinin açılış mərasimi keçirilib. Azərbaycan paytaxtının mərkəzi küçələrindən biri görkəmli alim və dövlət xadimi Mirzə Uluqbəyin şərəfinə adlandırılır. Əlişir Nəvainin, demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.

Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı “İki qəlbin dastanı baleti” dünya musiqi sənətinin incilərindəndir.

2010-cu ildə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur. Özbəklər və orada yaşayan azərbaycanlılar bu mərkəzin mədəni xidmətlərindən faydalanırlar. Müstəqillik illərində Özbəkistanın 30-dan çox azərbaycanlı vətəndaşı yüksək dövlət mükafatlarına layiq görülüblər. Azərbaycanın incəsənət xadimləri Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının, opera, teatr və kino festivallarının daimi və fəal iştirakçıları olurlar. Özbəkistan nümayəndələri Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında iştirak edir və mükafatlar alırlar. Onlardan biri də bu gün bənzərsiz çıxışları ilə ürəkləri fəth edən Yulduz Turdiyevadır.

Soykökü, dini, mədəniyyəti, adət və ənənələri eyni olan xalqlarımız üçün bu günlərdə daha bir əlamətdar hadisə baş verdi. Qardaş Özbəkistan Türk Əməkdaşlıq Şurasına üzv olmaq üçün rəsmi müraciət etdi.

Bu sadaladıqlarımız və sadalamadıqlarımız bir daha göstərir ki, Azərbaycanla Özbəkistan arasında dostluq körpüləri ədəbidir, qırılmazdır. Heydər Əliyev Sarayında Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın ifasında səslənən Azərbaycan, özbək və tük musiqi nümunələri bir daha deyilənlərin həqiqət olduğunu göstərirdi. Gecədə onların ifasında səslənən “Olma”, “Sevib aldım”, “Sevgi”, “Qara gözlüm”, “Tənhayam”, “Qarabağ” və digər bir-birindən şux ifalar alqışlarla qarşılandı. Yulduz Turdiyevanın türk sənət musiqisinin tanınmış ulduzu Pinar Eliçe ilə oxuduğu duet isə iştirakçıların zövqünü oxşadı.

Bir sözlə, özbək ifaçılarının Bakı görüşü nəinki onların, həm də hər bir iştirakçının uzun zaman yaddaşından silinməyəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!