Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyo’suz

Dünən məşhur Braziliyalı futbolçu Ronaldinyo paytaxtımızın qonağı olub.

Onunla olan müsahibəni sizlərə təqdim edirik.

– “Qəbələ”nin Futbol Akademiyasının açılışı ilə bağlı təklifi nə vaxt oldu?  – Təxminən bir ay yarım əvvəldən “Qəbələ” futbol klubu ilə bu barədə danışıqlara başladıq.

– Siz anadan belə futbolçu doğulmuşdunuz, yoxsa tədricən bu səviyyədə oldunuz? – Yəqin mən doğulanda Allah mənə istedad verdi. Amma böyüyəndə çoxlu məşq etdim. Bəlkə də, hamıdan çox məşq edirdim. Qazandığım bütün titullar bunun bəhrəsidi.

– Gələcəkdə Azərbaycanla Braziliya millisinin yoldaşlıq görüşünün təşkili üçün köməklik göstərə bilərsinizmi? – Əgər belə oyun nəzərdə tutulsa, kömək edə bilərəm. Əsas odu ki, belə bir məsələ gündəmə gəlsin.

– Son vaxtlar Hindistanda çıxış etdiniz. Azərbaycan klublarından təklif gəlsə, cavabınız nə olar? – Bəli, Hindistan futzalında bəzi oyunlar keçirdim. Düzü, karyeramı bitirib-biitirməməklə bağlı hələ qərar verməmişəm. Dekabr ayına qədər qərar verəcəm. Ola bilsin ki, vida oyunu keçirim.

– Sizə görə, dünyanın ən güclü futbolçusu kimdi? – Lionel Messi.

– İlk dəfədi Bakıdasınız. Bura sizdə necə təəssürat yaratdı? Nəyə heyran qaldınız? – Düzünü deyim, dünən axşam gəlmişəm. Aeroportdan çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Burdan çıxandan sonra daha yaxından tanıyacam.

– Azərbaycanlı futbolçulara nə məsləhət görərdiz ki, sizin getdiyiniz yolun yarısını gedə bilsinlər? – Uşaqlar nə qədər tez futbol oynamağa başlasalar, o qədər yaxşı olar. Məşqlərinə ciddi yanaşmalıdırlar. Məşqə hamıdan əvvəl gəlib, hamıdan sonra getmək lazımdı. Yüksək səviyyəyə çatmaq istəyirlərsə, ciddi hazırlaşmalıdırlar.

– Sizi dünyanın ən istedadlı oyunçusu sayırlar. Bəs Pele, Maradona səviyyəsinə çatmağınıza nə mane oldu? – Əslində, mən elə onların səviyyəsindəyəm (gülür).

– Bütün klubların azarkeşləri sizi sevir. Bunu necə bacarmısız? – Düzü, dəqiq deyə bilmərəm niyə hamı məni sevir. Amma bəlkə ona görə ki, gözəl futbol oynamışam, öz stilim olub.

– “Qəbələ”dən təklif alsanız, burda oynayarsınızmı? – Niyə də yox? Hər şey ola bilər.

– İndiyə kimi futbolla bağlı heç vaxt etiraf etmədiyiniz nəyi Azərbaycan mətbuatının önündə açıqlayardınız? – Mənim həyatım həm futbol meydançasında, həm də ondan kənarda həmişə açıq olub. Gizlətdiyim bir şey yoxdu. Hamı necə həyat yaşadığımı bilir.

– Braziliyalı futbolçuların çoxu deyir ki, futbol olmasaydı, biz avara, bədbəxt olardıq. Bu bədbəxtliyi braziliyalıların xoşbəxtliyi saymaq olarmı? – Fikrimcə, braziliyalıların həyatda ən çox istədiyi şey futboldu. Bəziləri dünya çempionatının Braziliyada keçirilməsini istəmirdi. Amma orda insanların çoxu son mundialın orda keçirilməsini arzu edirdi.

– Braziliya millisinin DÇ-2016-dakı uğursuzluğunun səbəbi nə idi? Komanda özünü toparlaya biləcəkmi? – Bizim güclü komandamız var idi. Həmin komandada ulduzlar var idi. Təəssüf ki, Fransaya uduzduq. Səbəbini deyə bilmərəm. Bu, futboldu.

– Karyeranızda ən böyük peşmanlığınız nədi? – Heç bir peşmanlığım yoxdu. Həyatımdakı hər addımı düz atmışam.

– Özünüzü, yoxsa futbolu çox sevirsiniz? – Özümü futbolsuz təsəvvür edə bilmirəm. Futbolu da Ronaldinyo’suz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: