Baku City CircuitFormula 1Idman

Pandemiya ilə əlaqədar Formula 1-də azarkeşlərlə bağlı problem hələ də öz həllini tapmayıb

Koronavirus pandemiyası ilə əlaqədar Formula 1-də azarkeşlərlə bağlı problem hələ də öz həllini tapmayıb. Müxtəlif Qran-prilərin təşkilatçıları avtodromların qapısını avtoidman həvəskarlarının üzünə açmağa çalışsa da, planı həyata keçirmək mümkün olmur.

2020-ci ildə avtodromlara azarkeş buraxılmasa da, bu mövsüm tilsimi qırmaq üçün imkanlar var. Xüsusən də, vaksinasiya prosesindən sonra planı həyata keçirmək asanlaşıb. Amma müəyyən ölkələrdə epidemioloji vəziyyəti hələ də nəzarət altında saxlamaq olmur. Bu da qapısını azarkeşlərin üzünə açmaq istəyən Qran-Pri təşkilatçılarını çətin vəziyyətə salır. Bir neçə ay əvvəl Monako Qran-Prisinin rəhbərliyi bilet satışı həyata keçirəcəyini açıqlasa da, hazırda Fransada epidemioloji vəziyyətin acınacaqlı olması onları geri çəkilməyə məcbur edir. Fransa mətbuatının yazdığına görə, artıq təşkilatçılar bu planı ləğv etmək haqda fikirləşirlər. Azarkeşləri yenidən tribunalara cəlb etmək üçün təşkilatçılar yarışdan sonra “Ferrari”nin pilotu Şarl Lekleri doğma publika ilə görüşdürmək qərarına da gəlmişdi. Bilet satışı ləğv edilsə, bunu həyata keçirmək mümkün olmayacaq.

ABŞ-ın Ostin şəhərində keçiriləcək Qran-Prini azarkeşlərin izləməsi ilə bağlı hazırlıq gedir. Oktyabrın 24-də keçiriləcək yarış üçün biletlər satışa çıxarılıb. Amerika mətbuatının məlumatına görə, bir biletin qiyməti 189 dollardır. Təşkilatçılar Qran-Pri zamanı şou proqram da hazırlamaq fikrindədir. Hətta 6 dəfə Qremmi mükafatının qalibi olan Billi Coel də Qran-Pri çərçivəsində konsert verəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!