EkologiyaTəqdimat

Paytaxtın əksər rayonlarının atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normadan çox olduğu müəyyən edilib

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə Bakının rayonlarında günün müxtəlif saatlarında monitorinq keçiriblər. Monitorinq zamanı paytaxtın Nəsimi, Xətai, Nizami, Binəqədi, Səbail, Nərimanov, Yasamal, Qaradağ və Sabunçu rayonlarının ərazisində çirkləndirici qaz qarışıqlarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Frame.az xəbər verir ki, bunu jurnalistlərə departamentin direktoru Ramal Bağırov bildirib.

O qeyd edib ki, əsasən də nəqliyyatın sıx olduğu saatlarda çirkləndirici qaz qarışıqlarının miqdarı Neftçilər, Ziya Bünyadov, Nobel, Heydər Əliyev prospektləri, “Sahil”, “Nərimanov” metro stansiyaları, “Azneft” meydanı, 20 Yanvar, Lökbatan, Ukrayna dairələri, Şərifzadə küçəsi, Xırdalan–Sumqayıt yolu ərazilərində yol verilən qatılıq həddini keçib: “Aparılan monitorinq və araşdırmaların nəticəsi göstərir ki, nəqliyyat vasitələrindən havaya atılan tullantıların azaldılması məqsədilə ekoloji cəhətdən təmiz elektrik və hibrid avtomobillərinin ölkəmizdə istifadəsinin genişləndirilməsi havaya atılan tullantıları azalda bilər. Sevindirici haldır ki, “BakıBus” şirkəti havaya minimum tullantı atan sıxılmış qazla işləyən avtobuslardan istifadə edir. Bu proses ölkəmizdə daha da kütləviləşməli və təşviqedici addımlar atılmalıdır. Hər kəs daha çox ictimai nəqliyyatdan istifadə etməklə, yaxın məsafələrə piyada getməklə və istirahət günlərini avtomobilsiz keçirməklə havaya atılan tullantıların azaldılmasına töhfə vermiş olar”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!