IqtisadiyyatTəqdimatTəqdimatƏn SonƏn Son

Paytaxtın Nizami rayonunda 7 küçə əsaslı şəkildə təmir olunub

Dövlətimizin başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən Bakı şəhərində təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Nizami rayonu üzrə nəzərdə tutulan təmir işləri tam şəkildə icra olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a verilən məlumata əsasən, cari ilin “İnvestisiya Proqramı”na əsasən Bakı şəhərinin Nizami rayonunda ümumi uzunluğu 5,5 kilometr olan 7 küçə və yolda təmir işləri aparılıb. Bu, Rizvan Teymurov küçəsinin 1200 metr, Əlif Hacıyev küçəsinin 500 metr, Əzim Əzimzadə küçəsinin 700 metr, Cəmşid Naxçıvanski küçəsinin 1000 metr, Bəhruz Nuriyev küçəsinin 900 metr, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin isə 600 metr uzunluğa malik hissələridir.

Təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.

Həmin işlərə paralel olaraq, küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

Bununla yanaşı, küçələr boyu zəruri yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

Qeyd olunan küçələrdə təmir işləri tərtib olunmuş qrafikə uyğun “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunub. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Sonda yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Növbəti mərhələlərdə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!