Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçirlir

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi keçirlir

İyunun 1-də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1-5 iyun tarixlərində Bakıda keçiriləcək “CASPİAN ÉTUDE”  I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsi öz işinə başladı.
Müsabiqənin açılış mərasimindən əvvəl təşkil edilən mətbuat konfransında münsiflər heyəti  KİV-nin suallarını cavablandırdılar.
Təşkilat Komitəsinin sədri, Tofig Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova müsabiqə haqqında geniş məlumatı diqqətə çatdırdı.  Bildirdi ki,  16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər.
“CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsində gənc istedadları Azərbaycanın Xalq artisti, beynəlxalqa mükafatlar laureatı Murad Hüseynovun sədrliyi ilə Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Freydən ibarət Beynəlxalq Münsiflər Heyəti qiymətləndirəcək.  Müsabiqədə İsrail, Çin, Rusiya, Ukraynadan olmaqla ümumilikdə 90 iştirakçı yarışacaq.
Münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov müsabiqədə iştirak edəcək yerli və xarici istedadlara qələbə sevinci və yeni-yeni uğurlar arzulayaraq diqqətə çatdırdı ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, Azərbaycan musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək həmçinin iştirakçı-ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.
Daha sonra müsabiqənin açılış mərasimi keçirildi. Açılış mərasimində çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov “CASPİAN ÉTUDE” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinə qatılan iştirakçıların müəllim və valideynlərini Mədəniyyət Nazirliyi adından  salamladı. Bildirdi ki, Azərbaycanda uşaqlara və gənclərə qayğı və diqqət dövlət  siyasətinin mühüm hissədir. Daha sonra  müsabiqənin ilk dinləmələrinə başlanıldı. 1-ci qrup üzrə iştirakçıların dinləmələrində münsiflər yarışmaçıları 10 ballıq sistemlə qiymətləndirirdilər. Müsabiqənin ikinci günü iyun ayının 2-də isə 2-ci qrup üzrə iştirakçıların dinləmələri baş tutacaq.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: