Pilotların ilk mətbuat konfransı keçirilib

Pilotlar – Daniel Rikkardo (Red Bull), Niko Hülkenberq (Renault), Kevin Maqnussen (Haas)

Mətbuat Konfransı

Daniel, sonuncu dəfə mətbuat konfransı zamanı Çində qazandığınız qələbəyə görə çox sevincli idiniz. Üstündən iki həftə keçməsinə baxmayaraq, niyə həmin qələbə sizin üçün bu qədər önəmlidir?

 Daniel Rikkardo: Qələbə sayım elə də çox deyil. Ona görə də qalibiyyətlərim hələ də mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bakıdakı qələbəmin üstündən uzun müddət keçmişdi. Bəhreyndəki yarışa gəldikdə isə yarışı ilk dəqiqələrdə tərk etmək çox məyusedicidir. Təsəvvür edin ki, həftə ərzində bazar günü üçün bütün qüvvəni səfərbər edirsən, ancaq elə ilk dövrədə yarış sənin üçün başa çatır. Bəhreyndən sonra növbəti həftə yeni bir yarış olacağını bilmək məni rahatlatdı. Daha sonra şənbə günü və 3-cü sərbəst yürüşlər mənim üçün o qədər də uğurlu keçmədi. Buna baxmayaraq, sıralanma turu və yarışda baş verənlər əla idi. Çox sevinirdim. İdmanda baş verən eniş-yoxuşlar əhval-ruhiyyəyə təsirsiz ötüşmür.

Red Bull komandasının performansına nəzər salsaq, sizcə mövsümün çempionu kimdir?

DR: Hələ ki, pilotlar bütün gücünü nümayiş etdirə bilməyiblər. Ona görə də çempionat haqqında fikirləşmirəm. Təbii ki, orada olmaq istəyirəm. Qələbə qazandığımız üçün hər kəs bizdən çempionat haqqında soruşur. Cavab vermək üçün hələ tezdir. Məncə, qələbə qazanmaq potensialına sahib olduğumuzu sübut etmişik. Planımız isə budur – mübarizəyə davam!

Niko, keçən il baş tutan Meksika Qran Prisindən bəri sıralanmada 7-ci yerdəsiniz. Son 27 yarışda yalnız 1 dəfə komanda yoldaşınız sizdən üstün olub. Əla göstəricidir. Sıralanma turu haqqında danışaq. Bu istiqamətdə nəticələrinizi yaxşılaşdırmısınız?

Niko Hülkenberq: Sıralanma turunu çox xoşlayıram. Məncə, təqribən son 20 yarışda bolidim yaxşı vəziyyətdə olub. Keçən ildən bəri yeni nəsil bolidlərdə yarışırıq. Bu bolidlərdə yerə sıxma qüvvəsi artıb. Bu isə yarışa əlavə həyəcan qatır, mənə isə dəstək olur.

 Komandanızla Haas və McLaren komandaları arasında 4-cü yer uğrunda qızğın mübarizənin şahidi oluruq. Bu mövsüm hədəfiniz budur, yoxsa sol tərəfində olan rəqibinizi də məğub etmək niyyətindəsiniz?

 NH: Qeyd etdiyiniz kimi hələ ki, Haas və McLaren komandalarına qarşı yarışırıq. Təkər tərkibləri və trekdən asılı olaraq, hər həftə bizi fərqli yarış gözləyir. Hər iki komandanı üstələmək üçün var gücümüzlə mübarizə aparır və öz üzərimizdə işləyirik.

\Kevin, 4-cü yer uğrunda mübarizədən danışmışkən, sizin də bu barədə fikriniz bilmək istərdim. Sizcə, Renault və McLaren komandaları sona qədər bu mübarizəyə davam edəcəkmi?

 Kevin Maqnussen: Asan olmayacaq. Bolidimiz əla vəziyyətdədir. İlə o qədər də yaxşı başlamamışıq. Odur ki, mübarizəyə davam edib, səhvlərimizi düzəltməliyik. Bu mübarizənin mövsümün sonuna qədər davam etməyi isə digər komandalardan da asılıdır. Keçən il davamlılığımız zəif idi, ancaq bunun üzərində xeyli işləmişik. İrəlidə bizi gərgin mübarizə gözləyir və ümid edirəm ki, ötən illə müqayisədə daha çox rəqabətədavamlı olacağıq.

Sıralanma turunda ardıcıl olaraq uğur qazanırsınız. Ötən illə müqayisədə performansınızı xeyli yüksəltmisiniz. Buna necə nail oldunuz?

 KM: Hələ ki, üç yarış olub. Bolid keçən illə müqayisədə daha yaxşı vəziyyətdədir. Onu öz yarış tərzinizə uyğun tənzimləyə bilərsiniz. İdarəetmə bir az asanlaşıb. Aerodinamikaya gəldikdə isə daha sabitdir. Sabit bolidə üstünlük verirəm. Xüsusilə də, bolidin arxa hissəsinin etibarlı olmasını istəyirəm. Bu baxımdan, builki bolidimin davamlılığını bəyənirəm.

Daniel, Çində qələbə qazandınız. Son 72 yarışda yarışa 6-cı yerdən başlayıb qalib olan yeganə pilotsunuz. Sirriniz nədir?

DR: Yarışa ön mövqedə başlamaq istərdim, ancaq hər dəfə buna nail olmaq çətindir. Yarış yarışdır, sıralanma turu olduqca əhəmiyyətlidir. Buna baxmayaraq, bazar günü fərqli boliddə mübarizəyə davam edə bilərsən. Çin Qran Prisində yarışa təhlükəsizlik maşını daxil olduqdan sonra hər kəsi bir araya topladı. Bu, irəli atılmaq üçün ikinci fürsət idi. Fürsəti dəyərləndirmək üçün hərəkətə keçdim. Bakıda olduğu kimi. Fettelin cərimə alacağını, Hemiltonun isə bolidində problem olduğunu bilirdim. Qələbə qazanmaq üçün şans yarandığını hiss etdim. Hər yarışda qələbə qazanmaq mümkün deyil. Odur ki, qarşına çıxan bütün fürsətləri dəyərləndirmək lazımdır.

Daniel, növbəti mövsüm hansı komandada mübarizə aparmaq qərarı verməlisən. Red Bull mövsümün ən güclü komandalarından biridir. Başqa bir komandada yarışmaq haqqında nə düşünürsünüz?

DR: Hələ ki, bilmirəm. Bu, hansı boliddə ən yüksək sürət nümayiş etdirə biləcəyimdən asılıdır. Dəyişiklik xatirinə başqa bir komandaya qoşulmaq istəmərəm. Yalnız o halda başqa bir komandaya keçərəm ki, orada öz potensialımı daha yaxşı şəkildə üzə çıxara bilim.

Daniel, söylədiniz ki, daha yaxşı potensialı olan bir komandaya keçə bilərsiniz. Son yarışda Kiminin özü üçün deyil Sebastian üçün yarışdığının şahidi olduq. Sıralanma turundan başqa bütün həftəsonu Kimi Sebastiandan daha sürətli idi. Ferrari komandasına keçsəniz, özünüz üçün deyil, başqa bir pilot üçün yarışmalı olmaqdan qorxmursunuzmu?

 DR: Məqsədim dünya çempionu olmaqdır. Başqa komandalarda nə baş verdiyini bilmirəm. Red Bull komandasında hər şey şəffaf və ədalətlidir. Komandamızda mühit çox yaxşıdır və başqa bir komandaya keçsəm, orada da belə bir mühitin olmasını gözləyərəm.

Niko, Kevin və Daniel. Mercedes komandasının hələ də qələbə qazanmaması sizə təəccüblü gəlmir? Sizcə, bu həftəsonu xal qazana biləcəklərmi?

NH: Hər yarışda onların qələbə qazanmasına əngəl törədən vəziyyət oldu. Melburn və Şanxayda təhlükəsizlik maşını, Bəhreyndə isə dəqiq xatırlamıram. Məncə, tezliklə vəziyyəti dəyişəcəklər. Vaxt məsələsidir.

DR: Mercedes rəqabətədavamlı komandadır. Niko ilə razıyam. Vaxt məsələsidir. Bacardığımız qədər onları üstələməyə çalışacağıq, ancaq onların hər həftə güclü olacaqlarını da gözləyirəm.

Daniel, Ferrai, Mercedes və Red Bull komandaları ilə növbəti mövsümlə bağlı danışıqlar aparmısınızmı? Hemiltonla yanaşı yarışmaq necə bir hiss olacaq?

 DR: Yalnız Red Bull komandasıyla danışıqlar aparmışıq. Bu danışıqları keçən ildən başlamışıq və məncə, hər kəs komandanın məni saxlamaqda maraqlı olduğundan xəbərdardır. Komandanı tərk edəcəyim haqqında yayılan məlumatlar doğru deyil. Həmiltona gəldikdə isə ən güclü pilota qarşı mübarizə aparmaq ürəyimcədir və Həmilton da güclü rəqibdir. Maksla və bir zamanlar Fettellə də apardığım mübarizə gərgin idi. Yalnız Həmiltonun güclü rəqib olduğunu demək istəmirəm, ancaq onunla yarışmaq maraqlı olardı.

Daniel, bugünə qədər Red Bull komandası idman karyeranda önəmli rol oynayıb. İlin sonunda özündən asılısan. Hər hansısa vacib bir razılaşmaya imza atacağına inanırsan? Hansı infrastruktura sahibsən? Menecerin varmı? Bəs sənə məsləhət verən şəxslər necə?

DR: Real danışıqlar gedəndə kiçik bir qrupla işləyirəm. Köməkçim var. Məsələ ciddi danışıqlara gələndə çalışıram ki, buna o qədər də vaxt ayırmayım. Ostin yarışından bəri bu sual mənə verilir. Məsələni mürəkkəbləşdirmək istəmirəm. İşlədiyim qrup kiçikdir və mən bundan məmnunam.

Daniel, Ferrari ilə hər hansısa razılaşma olub? İtaliyada bu məlumatın doğruluğu təsdiqlənib.

DR: Xeyr, yanlış xəbərdir.

Daniel, keçən mövsüm yalnız Bakıda qələbə qazanmışdınız. Keçən ilki qələbəniz sizdə özünə inam hissinizi artırıb?

 DR: Bakı ilə bağlı xoş xatirələrim var. Qalib gəldiyin trekdə yenidən yarışmaq özünə inam hissini dəyişdirmir. Önəmli olan yarışdan əvvəlki hazırlıqdır. Bakıda yenidən yarışacağıma görə sevinirəm, ancaq yarışa yanaşmam tamam fərqlidir.

Daniel, ilk üç yarışın ikisində ən sürətli dövrəyə imza atmısınız. Bu həftəsonu haqqında bəs nə düşünürsünüz?

 DR: Nə isə söyləmək üçün çox tezdir. Bolidin vəziyyətindən razıyam. Bazar günü bütün gücümüzlə mübarizə aparacağıq.

Ötən illə müqayisədə mövsümə daha yaxşı start vermisiniz. Mövsümün hələ əvvəlində olduğumuzu bilirəm, ancaq bilmək istərdim bu, sizdə bu, özünə inam hissinizi artırıb?

 KM: Mövsümə yaxşı başlamışıq. Bolid yaxşı vəziyyətdə olanda və qələbə üçün özünü hazır hiss edirsənsə, yarış da maraqlı, əyləncəli və asan keçir.

NH: Bir neçə yarışı uğurla başa vuraraq, xal qazanmaq komandanın növbəti yarışlara hazırlaşması üçün stimuldur.

 Niko, Karlos Saynsla bu il komanda daxili mübarizən necə gedir?

NH: Hələ ki, hər şey yaxşıdır.

DR: Böyük bir komandayla işləyirik. Mövsümə qələbə ilə başlamaq hamımız üçün böyük motivasiyadır. Eyni zamanda, ilk yarışlarda xal qazanmaq olduqca əhəmiyyətlidir. Mövsüm bitəndə növbəti mövsüm üçün uzun davam edən hazırlıqlar başlayır. Bu hazırlıqların nəticəsini görmək olduqca gözəl hissdir.

Bəhreyn yarışının üstündən uzun müddət keçməyib. Dözümlülüklə bağlı narahatsınızmı?

DR: Narahat sözünü işlətmək istəməzdim, öhdəmə düşən bolidi idarə etməkdir. Müəyyən mənada, bu, məndən asılı deyil. Hər şey o qədər ani baş verir ki, narahat olmaq üçün vaxt olmur. Hələ ki, mövsümün əvvəlidir. Sonlara doğru cərimələr aldıqda və digər məsələrə görə bir az narahatlıq keçirə bilərik. Hələ ki, rahatıq.

Gələn mövsüm Formula 1 yanacaq məhdudiyyəti bir qədər aradan qaldıracaq. Hal-hazırda yarışı idarə etmək sizə çətin deyil? Sizcə, bu limit gələn mövsüm böyük dəyişikliyə səbəb olacaq?

NH: Yanacağa qənaət baxımından bu faydalıdır. Bolidin performansı təkcə yanacaqdan deyil, təkərlərdən də asılıdır. Hər yarış fərqli keçir. Doğru qərar olduğunu düşünürəm.

DR: Melburn treki çox yanacaq tələb edir. Yarış vaxtı yanacağa nəzarət edirik. Hər dövrədə əsl yarış hədəfimizə diqqət ayırmağımız bizim üçün yaxşı olacaq.

KM: Məhdudiyyətin aradan qaldırılması doğru qərardır. Mövsüm ərzində elə yarışlar var ki, çox çaşdırıcıdır. Yanacaq üzərində müəyyən məhdudiyyətin qoyulması normaldır, məsələn beş il əvvəl yarışı təhlükəsizlik maşını ilə başlamaq ehtimalı olduğuna görə bəzi məhdudiyyətlər vardı. Ancaq bəzən bu limit həddən çox olur. Odur ki, yeni qərar ürəyimcədir.

Daniel, 2020-ci ildən sonra tətbiq olunacaq dəyişikliklər barədə nə düşünürsən?

DR: Hesab edirəm ki, bu barədə çox düşünməmişəm. Biz bu haqda məlumatlıyıq, lakin mən bu barədə narahat olub-olmadığımı bilmirəm. Hər il bəzi dəyişikliklər olur, həyatda baş verən dəyişikliklər kimi. Gələcəyə, iki ildən sonrakı dəyişikliklərə hələ çox var. Bu baxımdan narahat olmağa dəyməz, ancaq idmanın gələcək inkişafı üçün, həmçinin yarış atmosferi üçün pilotlar olaraq bizə düşən nə varsa edəcəyik. Biz bu mövzu üzrə aparılan müzakirələrdə iştirak edirik, lakin mən bu idmanın gələcəyi və onun hara getdiyi barəsində narahatlığa çox da ehtiyac görmürəm. Şəxsi düşüncəm odur ki, 2021-i indidən düşünmək hələ tezdir və həmin dövrə qədər hələ çox vaxt var.

Daniel, mənim sonuncu sualım gələcəyinlə bağlıdır. İndi dedin ki, hal-hazırda Red Bull xaricində Ferrari və Mercedeslə danışıqlar aparmırsan. Bəs gözləməkdə nə qədər səbirlisən, yoxsa onların sənə gəlməyini gözləyirsən və yaxud sənin bu barədə özün üçün qoyduğun son tarix varmı, məsələn bu müddət yaya qədər ola bilər, və digər tərəfdən Red Bull xaricində səninlə heç kim danışıq aparmırmı? Qoyduğun vaxt başa çatdıqdan sonra Mercedes və ya Ferrariyə gedərək onların fikrini soruşacaqsanmı? Yoxsa sadəcə onların gəlişini gözləyəcəksən?

DR: Hesab edirəm ki, bu pis sual deyil. Yay bu baxımdan yaxşı vaxtdır. Gələcək il hər hansı bir müqaviləyə nail ola bilməməyə görə narahat deyiləm. Mən elə bir düşüncədə deyiləm ki, ya bu sabah olmalıdır, ya da heç olmamalıdır. Bu baxımdan düşünürəm ki, növbəti yaya qədər gözləyə bilərəm. Həmin müddətə qədər heç nə baş verməsə, bəli, ondan sonra mən B planı üzrə düşünməliyəm və ya nə lazımdırsa onu etməliyəm. Ancaq bu məqamdan sonra Red Bulla bu haqda danışmalıyam. Lakin düşünürəm ki, həmin vaxta qədər bu barədə mənim tələsməyimə ehtiyac yoxdur.

Sizin hamınız bu il yarışlarda podiuma çıxan mühərrik istehsalçılarının – Ferrari və Renaultun mühərriklərinə sahib bolidləri sürürsünüz. İndiyədək Mercedes hələ də qələbə qazana bilməyib. Deyə bilərsinizmi ki, sizin əməkdaşlıq etdiyiniz Renault və Ferrari yarış qazanmaq baxımından hansı irəliləyişlərə imza atıb? Kevin, ötən illə müqayisədə Ferrari mühərrikini bu il necə qiymətləndirirsən?

 KM: Bəli, bu bir irəliləyişdir, sadəcə mühərrikin gücündə deyil, gücündə az irəliləyiş olub, ancaq etibarlılığında daha çox. Biz tam etibarlılığa nail olmaq üçün bir qədər daha gözləməliyik.Güc qurğusu ilə əlaqədar hər hansı bir şikayətimiz yoxdur. Əminliklə deyə bilərəm ki, bizim yarışları qazanmamağımızda əsas səbəb güc qurğusu deyil.

NH: Bəli, hesab edirəm ki, Renaultda bizim nizama salmağa çalışdığımız məqam etibarlılıq məsələsi idi və bunda irəliləyiş olub. Məlumdur ki, ötən ilin ikinci yarısında biz bir sıra problemlərlə üzləşdik, çox xal itirdik və düşünürəm ki, onlar bu problemlərin əksəriyyətini aradan qaldıra bildilər. Həmçinin onlar instalyasiya işləri ilə də məşğul oldular. Mühərriyin gücü baxımından hesab edirəm ki, biz də irəliləyiş əldə etmişik. Onlar qış fasiləsində Renaultun güc qurğusu üzərində çox gözəl iş görüblər. Bu o demək deyil ki, bundan sonra görüləcək iş qalmayıb. Buna baxmayaraq biz yenə də bəzi yaxşı irəliləyişlərə nail olmuşuq.

DR: Hesab edirəm ki, biz yarış günləri irəliləyiş əldə etmişik. Bu sir deyil ki, şənbə günləri biz Ferrari və Mercedes qədər güclü güc qurğusuna malik deyilik. Lakin bazar günləri hər şey qaydasına salınır və sən yarış moduna müvafiq mühərrikə sahib olursan. Hesab edirəm ki, biz bazar günləri rəqiblərimizlə aramızda olan məsafəni xeyli azalda bilmişik. Çində sürətli bolidlərin və hətta Avstraliyada Kimi Raykkonenin arxasında olmuşuq. Ötən ildən xatırladığım qədəri ilə, bu o deməkdir ki, biz eyni şərtlərdə bu il daha az xal itiririk. Nəticədə bu gözəl və müsbət bir haldır.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: