Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Frame.az xəbər verir ki, noyabrın 20-də xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.

Prezident qeyd edib ki, Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. “Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!