Prezident İlham Əliyev: “Formula 1 yarışı ölkəmizə 300 milyon dollara yaxın vəsait gətirib”

“Real TV”-yə müsahibə verən prezident İlham Əliyev Formula 1 yarışının ölkəyə qazandırdığı faydalardan danışıb.

Onun sözlərinə görə, 2016-cı ildən etibarən Bakıda keçirilən Formula 1 yarışları nəticəsində Azərbaycana gələn turistlərin sayında ciddi artım qeydə alınıb: “2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Yaxşı, nəyə görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları, Formula 1 yarışları turistlərin sayını 22 faiz qaldırdı”.

Müsahibə zamanı Formula 1 yarışının ölkəyə böyük qazanclar gətirdiyini vurğulayan prezident İlham Əliyev Azərbaycan Qran Prisinin keçirilməsinin önəmini xüsusilə qeyd edib:“Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə keçirilir. Əgər bu yarışlar səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə bu yarışlar keçirilərdimi? Əlbəttə ki, yox”.

Qeyd edək ki, Formula 1 yarışlarını yerində canlı izləmək üçün Bakıya hər ötən il daha çox ölkədən turist gəlməkdədir. 2018-ci ilin aprelində baş tutmuş sonuncu yarış üçün paytaxt Bakıya 78 ölkədən minlərlə avtoidman azarkeşi təşrif buyurmuşdu. 2017 və 2016-cı illərdə Formula 1 azarkeşlərinin gəldiyi ölkələrin sayı isə müvafiq olaraq 65 və 42 təşkil etmişdi.

Digər tərəfdən, oxşar artım tendensiyası yarışın televiziya tamaşaçılarının sayında damüşahidə olunmaqdadır. Belə ki, 2016-cı ildə 27,2 milyon, 2017-ci ildə 28,3 milyon və 2018-ci ildə 83 milyon tamaşaçı Bakıda baş tutan Formula 1 yarışlarını televiziyadan canlı izləmişdi.

Sonda onu da qeyd edək ki, Formula 1 Şirkətlər Qrupunun apardığı araşdırmaların və həmçinin dünyanın aparıcı media quruşlarının keçirdiyi sorğuların nəticələrinə əsasən Bakıda baş tutmuş son iki Formula 1 yarışı hər dəfəsində mövsümün ən baxımlı yarışı adına layiq görülmüşdü. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ildən-iləFormula 1-in Bakı yarışına artan bu marağı və eləcə də bilet satışlarına dair son statistikanı nəzərə alaraq ictimaiyyətə bildirir ki, builki yarışda da oxşar artım tendensiyasının davam edəcəyi əminliklə gözlənilir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: