Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Qürur və Düha. Yaşayan Əfsanə” adlı sərgi keçiriləcək

5 Fevral 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna xidmətləri olmuş dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Qürur və Düha. Yaşayan Əfsanə” adlı sərgi keçiriləcək.
Sərgidə dühanın yaradıcılığına ithaf olunmuş 40-a yaxın qrafika, rəngkarlıq, heykəltəraşlıq və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunur. “Bəstəkar ürəkli rəssam” Mikayıl Abdullayevin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr etdiyi tablolar, təsviri sənətimizin görkəmli qadın rəssamlarından biri Elmira Şahtaxtinskayanın bəstəkar Qara Qarayevin obrazına həsr etdiyi portret-plakatı, görkəmli heykəltəraş Cəlal Qaryağdının bəstəkarın şərəfınə yaratdığı mərmərdən büstü və dünyaca məşhur klassik əsərlərə çəkilmiş illustrasiyalar bu qəbildəndir. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Tahir Salahovun Ev Muzeyinin kolleksiyalarından Azərbaycan Xalça Muzeyindən əsərlər təqdim olunur.
Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin parlaq səhifələrini təşkil edir. Klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün, həmçinin yüzlərlə müxtəlif janrlarda yazılmış dünya şöhrətli əsərlərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirmişdir.
Qara Qarayevin yüksək humanist ideyalar tərənnüm edən ilhamlı musiqisi bu gün də yaşayır və səslənir, dünyanı şəhərşəhər, ölkə-ölkə gəzir, milyonlarla ürəkləri emosionallığı, hərarətiylə fəth edir, qəlbləri qürur və iftixar hissi ilə doldurur. Qara Qarayevin irsi ölməzdir, həmişəyaşardır!
Hər birinizi saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən sərgini izləməyə dəvət edirik.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: