EventsMədəniyyətOxu zalıTəqdimat

“Qarabağ – əsrlərin salnaməsi” kitabının təqdimatı olub

Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində “İrs” seriyasının yeni nəşri olan “Qarabağ – əsrlərin salnaməsi” kitabının təqdimatı olub.

Azərbaycanın dilbər guşəsi olan Qarabağın faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın əhəmiyyətindən danışıb. Nazir deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində belə bir nəşrin təqdimatının keçirilməsi xüsusi önəm kəsb edir. Çünki bu Qarabağın tarixindən, qarabağlıların mərdliyindən, kəşməkəşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.

Əbülfəs Qarayev söyləyib ki, kitab “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub. Məsələn, “Azıx mağarası” fəsli oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır: “Məmmədəli Hüseynovun topladığı zəngin material onun bu regionda insanın əmək fəaliyyətinə 2 milyon il öncə başlaması ilə bağlı cəsarətli fərziyyə irəli sürməsinə imkan verdi. Gürcü arxeoloqların daha sonrakı tapıntıları azərbaycanlı alimin ehtimalını doğrultdu. Qarabağ, həqiqətən, bəşəriyyətin ilk yurdlarından biri hesab edilə bilər. Bu isə, öz növbəsində, Homonun polisentrik mənşəyi və onun yaşı (ən azı 3 milyon il) ilə bağlı nəzəriyyənin xeyrinə daha bir arqumentdir”.

Layihənin rəhbəri baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.

Tədbir konsert proqramı ilə davam edib.

Xatırladaq ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!