“Qarabağ xalça ənənələrini yaşadaq” adlı tədbir keçiriləcək

“Azərbaycan xalçaçıları” İB-nin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində Bakıda, NUR Art House sənət ocağında təşkil etdiyi “Qarabağ xalça ənənələrini yaşadaq” adlı tədbirin əsas qayəsi minilliklər boyu yaşadılaraq bu günümüzə gəlib çatan, Azərbaycan xalqının etnoidentikliyinin təsdiqi olan Azərbaycan xalça sənətinin özünəməxsusluğu ilə seçilən Qarabağ xalça məktəbinin müasir durumunu Qarabağ xalçaçıları ilə müzakirə etməkdir.
28 oktyabr 2017-ci il tarixində saat 11.00-də keçiriləcək tədbirin əsas məqsədi Qarabağ xalçaçılıq ənənələrini, xalçaçılarımızın, toxucularımızın genetik yaddaşında yaşayan unudulan texnologiyaları hana arxasında canlı şəkildə bərpa etmək, onu foto, videoçəkiliş vasitəsilə əbədiləşdirmək və prosesə həm peşəkar, həm də etnoqrafik yanaşmanı xatirələr əsasında bərpa edərək yenidən gündəmə gətirməkdir.
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq doktoru, professor Röya xanım Tağıyevanın verdiyi məlumata görə, tədbirin fərqli cəhətlərindən biri də hazırda Bakıda yaşayan Cəbrayıldan, Füzulidən, Ağdamdan olan xalçaçılarımızın bu ənənəni Qarabağda, ənənəvi mühitlərindən uzaq düşmüş balalarımıza, öz varislərinə öyrətməkləri olacaq. Bu ideyanı əsas götürən İctiman Birlik həmin mühiti bərpa etmək məqsədilə tədbirin auditoriyasını da məhz belə seçmişdir: Qarabağ sakinləri olan nənələr və babalar sənətlərini xalçaçılıqdan uzaq mühitdə böyüyən övladlarına, nəvə – nəticələrinə öyrədəcəklər və bu ənənə NUR Art House-da yaradılan imkan nəticəsində davam edəcək.
Ən böyük arzumuz və məqsədimiz Qarabağ azad olunandan sonra böyük Vətənimizin bir parçası olan doğma el-obalarına köçəcək Qarabağ sakinləri arasında məşhur Qarabağ xalçası ənənəsini davam etdirməyin təşviqidir. Arzumuzun gerçəkləşməsi üçün zəmin isə Cəbrayıl, Füzuli və Ağdamın cəbhə xəttində yerləşən kənd və qəsəbələrində avqust ayından başlayaraq xalçaçılar, toxucular, boyaqçılar arasında keçirilmiş sorğulardan əldə etdiyimiz nəticələrdir. Bu gün isti, ənənəvi xalça mühitindən kənar düşmüş insanlara yenidən həmin ab-havanı yaşatmaq, xalça ilə və xalçaçılarla ünsiyyət imkanı vermək, böyüməkdə olan nəslə bu sənəti sevdirmək və milli, mədəni irsimizi təşviq etməklə vətənpərvərlik ruhunu aşılamaqdır.
Layihənin yekununda “Azərbaycan xalçaçıları” İctimai Birliyi Qarabağ xalçaçılarının elektron bazasını və layihə haqqında kitabçanı geniş ictimaiyyətə təqdim edəcək, eyni zamanda layihənin davamı kimi, Cəbrayıl, Füzuli, Ağdam və Tərtər rayonlarında xalçaçılar arasında işlər davam edəcək.
Xatırladırıq ki, 2012-ci ildən bəri YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrs üzrə QHT Forumunda Azərbaycanı təmsil edən “Azərbaycan xalçaçıları” İctimai Birliyi 2010-cu ildən Dövlət qeydiyyatına alınmış və fəaliyyət müddətində ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirakla yanaşı, onların bir çoxunun təşkilatçısı kimi də çıxış etməkdədir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: