Qaxın turizm marşrutu məişət tullantılarından təmizlənib

Sentyabrın 25-də Qaxın Ləkit kəndində yerləşən Mamırlı şəlaləsinin ərazisində Şəki Destinasiya Menecmenti Təşkilatının təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmizlik aksiyası keçirilib.

Ümumdünya Turizm Günü ilə əlaqədar təşkil olunmuş aksiya çərçivəsində kənddən şəlalə istiqamətinə gedən yol və şəlalənin ətraf əraziləri məişət tullantılarından təmizlənib.

Şəki Destinasiya Menecmenti Təşkilatı tərəfindən hazırlanmış təmizliyə riayət edilməsi və ətraf mühitə qarşı daha diqqətli olunması ilə bağlı xəbərdarlıq lövhələri, yol nişanları və zibil konteyneri kənd ərazisində yerləşdirilib.

Pandemiya dövründə təmiz və sağlam mühitdə istirahət etmək, turizm maşrutlarının təmizlənməsi və təmiz saxlanılması məqsədini daşıyan aksiyada turizm könüllüləri və kənd icra nümayəndələri iştirak ediblər.

Təmizlik aksiyasının digər məqsədi ziyarətçiləri təmizliyə riayət etməyə təşviq etmək, məlumatverici lövhələrlə təbiət abidəsinin əhəmiyyətini sakinlərə və turistlərə çatdırmaq, xarici və yerli turistlərin ərazidə hərəkətini asanlaşdırmaqdır.

Qeyd edək ki, Mamırlı şəlaləsi Qaxın Ləkit kəndinin ən çox ziyarət olunan hissələrindən biridir. Şəlalə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Qax Təbiət Abidəsi olaraq dövlət tərəfindən qorunur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: