Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsi uğurla davam edir

Noyabrın 15- də Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  yeni “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi Məhəmməd Fizulinin qəzəlləri mövzusunda gözəl musiqi gecəsi keçirildi.
Gecəni aparan filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı muğam ifaçılığında qəzəl seçiminin yerini xüsusi vurğulayaraq, Beynəlxalq Muğam Mərkəzinin belə gözəl layihəyə imza atmasının heç də təsadüfi olmadığını bildirdi. Azərbaycanın ənənəvi ifaçılıq tarixində mühüm yer tutan muğamlarımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci Vitse- Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizə, muğam sənətimizə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq  YUNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini qeyd etdi.
Konsertdə Televiziya Muğam Müsabiqələrinin qalibləri və laureatları Almaxanım Əhmədli, Məmməd Nəcəfov və Hüseyn Məlikovun ifasında Fizulinin qəzəllərindən ibarət  “Rast” dəstgahı səsləndi.
Xanəndələri tarda Valeh Allahverdiyev, kamançada Oktay Şərifov, qanunda Safura Məmmədova, nağarada Elməddin Həsənov müşayiət edirdilər.
Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qiymətləndirildi.
Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim ediləcək.

“Qəzəllər” layihəsinin növbəti tədbiri Beynəlxalq Muğam Mərkəzində noyabrın 29-da saat 19:00-da keçiriləcək. Konsertdə S.Ə.Şirvaninin qəzəlləri səslənəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: