“Qoy həmişə günəş olsun!”

Fəaliyyətini dəyərlərimizin təbliği, ənənələrimizin yaşadılması, örnəklərin inkişafı üzərində quran “NUR Art House” 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvü, tanınmış rəssam Rauf Əbdülhüseynoğlunun rəhbərlik etdiyi “Qoy həmişə günəş olsun” Uşaq Yaradıcılıq Qrupunun eyniadlı sərgisini təşkil edir.

7 yaşlı Səma Çıraqova, 8 yaşlı Billur Zeynallı, 10 yaşlı Duyğu İsmayılova və Aydan Səttarzadə, 11 yaşlı Jalə Hümbətova, 15 yaşlı Şəbnəm Əsgərli qısa müddət ərzində Ustadları – keçəçi-rəssam Rauf Əbdülhüseynoğlundan öyrəndikləri sənət sirlərini rənglərin dili, qələmin gücü ilə ifadə edərək tamaşaçılara rəngkarlıq (akvarel, quaş), qrafika (qələm) və batika janrlarında 100-ə yaxın iş təqdim edəcəklər. Dekorativ-tətbiqi sənət sahəsində ilk addımlarını atan, 8 ay ərzində rəssamlığın əsaslarını və incəsənət növlərini öyrənməyə başlayan uşaqların və onların rəhbəri Rauf müəllimin əsas hədəfi keçəçilik sənətinin və unudulmaqda olan digər xalq-tətbiqi sənət növlərinin bərpası, böyüməkdə olan nəslin bu istiqamətdə inkişafıdır.

Həmin gün qalereyada uşaqların bayramı bir sənət bayramına çevriləcək. Balaca rəssamlar müəllimlərinin onlara əxz etdikləri bilikləri çəkdikləri təbiət mənzərələrində, natürmortlarda, miniatürda, tarixi abidələrimizin təsvirlərində təqdim edəcək, gələcək arzularını qarışıq texnikada nöqtələrin dili ilə ifadə edəcəklər.

Sərgiyə interaktivlik gətirən məqamlar: divardakı “Buta”nın milli musiqimizin müşayiəti ilə canlandırılması, balaca rəssamlarımızın rəqsləri və sonda onları gözləyən maraqlı sürprizlər olacaq, Hər zaman arzulanan Günəşin şəfəqləri ilə NURlanacaq qalereya balalarımıza sənət sevinci yaşadacaq.

Əziz uşaqlar, hörmətli valideynlər və şəhərimizin qonaqları! Zəriflik, gözəllik, təravətin təcəssümü olan balalarımıza dəstək olmaq, sənəti yaşatmaq, uşaqları milli köklərimizə bağlayaraq böyüməkdə olan nəsli əsl vətənpərvər kimi yetişdirmək istəyənləri 1 iyun 2017-ci il tarixində saat 17.00-də İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən “NUR Art House” qalereyasına dəvət edirik.

Frame.az 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: