IqtisadiyyatSosialTəhsilTəqdimatƏn Son

Qubada qadınların işgüzar inkişafı təlimləri başa çatıb

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Qubada təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb.

Heydər Əliyev mərkəzində keçirilən bağlanış mərasimində təlimlərdə iştirak edən 150-dən çox iştirakçıya sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimində iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Qubada təşkil edilən təlimin uğurla başa çatdığını vurğulayıb:

“Quba təlimlərində formalaşmış ideyalar gördük. Təlimdə iştirak edən qadınların çox tezliklə ideyalarını biznes plan halına gətirəcəyinə və tətbiqinə başlayacağına inanıram. Quba qadın sahibkarların aktivliyi ilə fərqlənən rayonlardan birinə çevriləcək”.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan layihə barədə təəssüratlarını bölüşüb:

“Təlimlər boyunca qadınlara sahibkarlıq ideyalarını inkişaf etdirmək və həyata keçirə bilmək üçün lazımi bilik və təcrübəni ötürdük. Onların ideyalarını turizm sahəsinə tətbiq edib, real iş həyatına başlamaları üçün istiqamətləndirdik. Bundan sonra da onlara mentor dəstəyi göstəriləcək. Təlimdə iştirak edən hər bir qadının uğurlu iş ortaya qoyacağına inanıram”.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir təlimləri baş tutub. Layihə Quba ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonlarını da əhatə edəcək.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda  qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!