Rəfael Ağayevdən möhtəşəm qələbə

Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar. Frame.az AZƏRTAC-a istinadən xəbər verir ki, kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev finalda Pakistan idmançısı Qulam Abbası ilə qarşılaşıb və 4:0 hesabı ilə inamlı qələbə qazanaraq İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final qarşılaşmasına birbaşa arenada izləyiblər.
Əlbəyaxa döyüş ustamız 1/8 finalda Türkiyə təmsilçisi Erman Eltemeri, 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranini mübarizədən kənarlaşdırıb, yarımfinalda isə malayziyalı Şarmendran Ragonathanı məğlub edib.

Türkiyəli Erman Eltemur və özbəkistanlı Dastonbek Otabolaev bu çəki dərəcəsində bürünc medallara sahib olublar.

Dövlətimizin başçısı İlham Əliyev qaliblərə medalları təqdim edib.

Qeyd etmək yerinə düşər ki, 7 yaşından karate ilə məşğul olan Rəfael Ağayev 5 dəfə dünya, 10 dəfə Avropa çempionu adını qazanıb, 2015-ci il ilk Avropa Oyunlarının qalibidir.

Bu, Rəfael Ağayevin İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalıdır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: