EkologiyaFrame LifeTəqdimat

Rauf Hacıyev: Kəlbəcər rayonunun təbiətinə və abidələrinə vurulmuş ziyan qısa müddətdə hesablanacaq və müvafiq tədbirlər görüləcək

Azərbaycanın Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, müalicəvi xassələrə malik olan mineral su yataqları, çaylar və göllər, habelə tarix və mədəniyyət abidələri ilə məşhurdur. Rayonun ərazisində 34 faydalı qazıntı yatağı, o cümlədən qızıl, xrom, civə, inşaat materialları və termal su ehtiyatları aşkar edilib. Bu rayonda 8 filiz mədəni, 7 mineral termal su yatağı, 19 tikinti materialları yatağı qeydə alınıb. Bu yataqların ən əhəmiyyətlisi qızıl yataqlarıdır. Buraya Zod-Söyüdlü, Ağduzdağ, Qızılbulaq qızıl yataqları, habelə Mehmanə polimetal yatağı aiddir. Bundan əlavə, Kəlbəcər rayonunda zəngin mineral xammal ehtiyatları var.

Frame.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan işlərin təşkili və əlaqələndirilməsi üzrə komissiyanın rəhbəri Rauf Hacıyev jurnalistlərin Kəlbəcər rayonunun təbii ehtiyatları barədə suallarını cavablandıraraq bu barədə məlumat verib.

Komissiyanın rəhbəri bildirib ki, Kəlbəcər rayonunda filiz və inşaat materialları yataqları ilə bərabər, termal mineral su ehtiyatları da çoxdur. İstisu və Tutqun mineral su yataqlarında termal və mineral su hasil edilirdi. Bu hövzələrin hərəsində 4 yataq var. Həmin yataqların gündəlik debiti 3080 kubmetrə bərabərdir. Dağ çaylarının mənbəyi əsasən yeraltı sular hesabına formalaşır.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə suvarma və energetika məqsədləri üçün ümumi həcmi 560 milyon kubmetrə bərabər olan Sərsəng su anbarı və ümumi həcmi 5,9 milyon kubmetrə bərabər olan Suqovuşan su anbarı inşa edilib. Tərtərçay hövzəsinin sahəsi 2650 kvadratkilometrə, çayın uzunluğu 184 kilometrə, orta illik su məsrəfi saniyədə 23,1 kubmetrə bərabərdir. Azərbaycan iqtisadiyyatında böyük əhəmiyyəti olan Tərtərçaydan həm kənd təsərrüfatı, həm də sənaye ehtiyacları üçün istifadə edilir.

Kəlbəcər rayonunun ərazisində çoxsaylı göllər var. Dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşən Böyük Alagölün sahəsi 510 hektar, maksimal dərinliyi 9,4 metrdir.

Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilənə qədər rayonun ümumi meşə fondunun sahəsi 80.019 hektara bərabər idi. Burada palıd, fıstıq, qarağac, ağcaqayın, tozağacı və cökə ağacları üstünlük təşkil edir. Lakin Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror nəticəsində düşmən həmin meşələri qırıb, qarət edib, yandırıb və satıb.

Rauf Hacıyev bildirib ki, Kəlbəcər rayonunun meşələrinə, yerüstü sularına, bioloji müxtəlifliyinə, relyefinə, təbiət və tarix abidələrinə vurulmuş ziyanın həcmi qısa müddətdə hesablanacaq və müvafiq tədbirlər görüləcək.

R.Hacıyev Azərbaycanda ən böyük qızıl yatağı olan Zod-Söyüdlü yatağı barədə söhbət açaraq bildirib ki, 1951-ci ildə kəşf edilmiş bu yataq Ermənistanla Azərbaycanın Kəlbəcər rayonunun sərhədində yerləşir. Dövlət sərhədi bu yatağı iki hissəyə bölürdü. Yatağın 74 faizi (219 hektar) Kəlbəcər rayonunun, qalan 26 faizi Ermənistanın payına düşürdü. Kəlbəcər rayonundakı Zod-Söyüdlü yatağının sənaye ehtiyatlarının həcmi 112,5 ton dəyərləndirilir.

Bu yataqdan hasil edilən filizin tərkibində minimal rentabellik 0,8 qram/ton həddindədir. 1980-ci illərdə Zod-Söyüdlü yatağının ehtiyatları hesablanıb və bu yataq dövlət balansına qəbul edilib. Yatağın Ermənistana aid hissəsi 1976-cı ildən intensiv istismar edilirdi, Azərbaycana aid hissə isə erməni işğalına qədər dondurulmuşdu. Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Zod-Söyüdlü yatağının məhz Azərbaycan aid hissəsi amansızcasına istismar edilib, nəticədə Azərbaycana çox ciddi maddi və ekoloji ziyan vurulub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!