EventsFestivallarQalereyaTəqdimat

“ReAnimasiya” sərgisinin açılışı olub

Oktyabrın 19-da İçərişəhərdə Müasir İncəsənət Mərkəzində birinci Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı (ANİMAFİLM) çərçivəsində Azərbaycan milli kinosunun 120 illiyi ilə bağlı “ReAnimasiya” sərgisinin açılışı olub.

Frame.az xəbər verir ki, sərginin açılışında çıxış edən layihənin təsisçisi və direktoru Rəşid Ağamalıyev festival barədə məlumat verib. Bildirib ki, festivalın münsiflər heyətinə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, İsrail, Misir, Slovakiya və İrandan peşəkarlar daxil edilib. Münsiflər heyəti animasiya filmlərini və ssenariləri qiymətləndirib.

“Fərəhli haldır ki, festivalda iştirak üçün 30 ölkədən, o cümlədən Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya və digər ölkədən 250-dən çox müraciət var. Əsas məqsəd rejissorların, ölkənin kino və animasiya studiyalarının yaradıcılıq və istehsal fəaliyyətinin inkişafı, əcnəbi rejissorların müxtəlif janrlarda peşəkar animasiyalarına baxış, beynəlxalq təcrübə mübadiləsidir. ANİMAFİLM festivalı üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır. Yerli və xarici müəlliflərin müştərək zəhməti hesabına başa gələn “Azərbaycan animasiyası” kitabı da ilk dəfə bu tədbirdə təqdim ediləcək. Festivalın mövzusu çərçivəsində müəlliflərin iştirakı ilə ən yaxşı Azərbaycan animasiya filmlərinin retrospektivi, həmçinin peşəkarların ustad-dərsləri keçiriləcək”, – deyə Rəşad Ağamalıyev bildirdi.

Diqqətə çatdırıldı ki, “Peri Film” MMC təşkilatçılığı və YARAT, “BUTA” film, “Müasir incəsənət mərkəzi” qalereyası, BRK – Birləşmiş Rəssamlar Klubu, Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə keçirilən Birinci Beynəlxalq Bakı Animasiya Festivalının mövzusu “Azərbaycan animasiyası”dır. Azərbaycanın ən yaxşı qısametrajlı animasiya filminin seçiləcəyi milli müsabiqədən başqa, tamaşaçıları Azərbaycan animasiya tarixinə həsr edilmiş bir sıra tədbirlər gözləyir.

Sərgi çərçivəsində “Azərbaycan animasiyası” kitabının təqdimatı keçirilib. Kitabın ideya müəllifi Rəşid Ağamalıyev kitabın həm müəllifləri və əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Rəşid Ağamalıyev bildirib ki, tədbirdə kitabın xarici müəllifləri də iştirak edir.

Tədbirdə çıxış edən animasiya filmləri rejissoru Firəngiz Qurbanova, tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Slovakiyalı animasiya rejissoru Andrey Xovanets, İranlı animasiya film rejissoru Leyla Novruzi kitabın ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.

Kitab təqdimatında çıxış edən rejissor Elçin Hami Axundov çıxışında bildirib ki, bu çox möhtəşəm bir festivaldır. Rəşid Ağamaliyeva bu layihəni gerçəklişdirdiyi üçün böyük əzm göstərib. Çox sevindirici haldır ki, Təbrizdən və Ərdəbildən olan animatorlar bu festivalda iştirak edir. Festivalda müxtəlif ölkələrin animasiya filmləri ilə tanış olmaq şansımız var.

Kitabın “Ön söz” müəllifi Aydın Kazımzadə festivalın keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan animasiya filminin tarixi 1931-ci ildə başlayır. 1935-ci ildə isə “Abbasın bədbəxtliyi” ilk animasiya filmi çəkilib. Daha sonra “Bir qalanın sirri” filmində animasiya effektləri istifadə olunub. “Nəhayət, biz “Cırtdan” filmini çəkəndə 1960-70-ci illərdə animasiya bərpa olundu. Ondan sonra Azərbaycan film və animasiya sahəsində intibah başladı. Uzun sürən durğunluqdan sonra inanıram ki, Birinci Beynəlxalq Bakı Animasiya Festivalı ilə bu sahədə canlanma başlayacaq”.

Kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirən Aydın Kazımzadə bu işdə əməyi olanlara təşəkkür edib.

Bildirilib ki, festivalında ilk olaraq “Cırtdan” animasiya filmi nümayiş ediləcək.

Sonra sərgi iştirakçılarına marionet kuklaların tamaşası təqdim olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!