Şəkidə, “Marxal”da Miniatür Kitab Muzeyinin filialı açılacaq

Miniatür Kitab Muzeyinin Naxçıvanda, Gəncədə filialları fəaliyyət göstərir. İndi də Şəkidə, “Marxal”da filial açacağam. Bilirsiniz, xarici ölkələrin səfirliklərinin bir çox nümayəndələri, diplomatlar, xaricdən gələn qonaqlar orada istirahət edirlər. Qoy onlar da miniatür kitabların bir hissəsini görsünlər.

Frame.az xəbər verir ki, bu sözləri Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova jurnalistlərə müsahibəsində deyib. Bildirib ki, Respublika Kitabsevərlər Cəmiyyətinə 1981-ci ildə gəlib, 1988-ci ildən isə miniatür kitab buraxmağa başlayıb. İndiyədək 212 miniatür kitab buraxıb. Bu kitablar siyasi xadimlərə, yazıçı, şair, alim, bəstəkar və digər tanınmış şəxsiyyətlərə həsr olunub.

Ona miniatür kitabla bağlı Belarusdan da müraciət edildiyini diqqətə çatdıran Z.Salahova deyib: “Bu il Belarusda “Çap işçisi ili”dir. Bu, Belarus əlifbasını tərtib edən Fransisk Skorina ilə bağlıdır. Mən indi bununla bağlı miniatür kitab hazırlayıram. Bundan əvvəl Yanka Kupalanın “Jaleyka” ikicildliyini buraxmışam. Görəydiniz, Belarusda o balaca kitaba necə maraq göstərirdilər. Bütün bunlar hamısı Azərbaycanın, xalqımızın adı ilə bağlıdır. Nə qədər yaşayıram, çalışacağam Azərbaycanın, xalqımızın adını daha yüksək zirvələrə qaldırım”.

Zərifə Salahova 15 ildir fəaliyyət göstərən Miniatür Kitab Muzeyinin yaranma tarixçəsindən də söhbət açıb və vurğulayıb ki, ulu öndər Heydər Əliyev bu kolleksiyanın təkcə Azərbaycan deyil, həm də ümumdünya mədəniyyəti üçün əhəmiyyətini uzaqgörənliklə qiymətləndirib. Muzeyin ekspozisiyasının Ginnesin Rekordlar Kitabına salınması bunu bir daha təsdiqləyir. Muzeyə giriş pulsuzdur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: