“Şəmi-Şəbistan” adlı bədii şam sərgisi keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsinin “Təsviri sənət”, “Dizayn və dekorativ-tətbiqi sənət” kafedraları və NUR Art House 20 may 2018-ci il tarixində, saat 19:00-da Universitetin “Rəssamlıq” ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət “Şəmi-Şəbistan” adlı bədii şam sərgisi keçirəcək.
Sərgidə gənc rəssamların Azərbaycanın mədəniyyət abidələrini şam və şamdanlar, batika üzərində müxtəlif üslublarda və fərqli texnikalarda əks etdirdikləri əsərlər nümayiş olunacaqdır. Sərgi ekspozisiyasına daxil olan yaradıcılıq işlərinin hər biri “Şəmi-Şəbistan” layihəsi üçün hazırlanmış yeni nümunələrdir.
Tarixi təxminən 5000 min il əvvələ gedib çıxan, keçmişdən bu günümüzə qədər gəlib çatan, müxtəlif məqsədlər üçün istifadə edilən şamlar sərgidə fərqli mahiyyət daşıyaraq incəsənətimizin zəngin tarixinin səhifələrini “işıqlandıracaqdır”. Belə ki, şamların üzərində Şəkidə yerləşən “Kiş” qədim alban məbədi, eyni zamanda “Alov qüllələri” müasir memarlıq kompleksi, Şəki xan sarayının divar rəsmləri, Azərbaycan xalçaçılıq məktəblərinə mənsub xalçalardan fraqmentlər, həndəsi və nəbati ornamentlər, Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından yeddi gözəlin təsviri, mehendi sənəti, musiqi elementləri öz əksini tapmışdır. Sərgiyə baxış zamanı sanki şamların fonunda Azərbaycanın müxtəlif guşələrinə, memarlıq tikililərinə səyahət edəcək, təsviri və dekorativ sənət əsərləri yenidən fərqli təqdimatda gözünüzdə canlanacaq, dillər əzbəri olan klassik Azərbaycan ədəbiyyatı, Azərbaycan musiqisinin xoş avazı qulağınızda səslənəcəkdir. Boyalarla bədii məzmuna “bürünən” şamların fitilindən yayılan işığın hərarəti hər birinizin qəlbini isidəcəkdir!
Sərgi mayın 25-ə kimi davam edəcəkdir. Sevindirici haldır ki, əsas missiyası Azərbaycan mədəniyyətinin, milli mədəni irsimizin, əsrlərin yadigarı olan, eyni zamanda, müasir dövrümüzdə yaradılan incəsənət nümunlərinin təbliği olan layihə çərçivəsində regionlarda maarifləndirici səyyar sərgilər keçiriləcək, nəzəri və təcrübi ustad dərsləri təşkil olunacaq, mövzuya dair silsilə mühazirələr oxunacaqdır.
Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri ADMİU-un “Təsviri sənət” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət xanım Aslanovadır. Layihənin icrasında tarixi və nəzəri maarifləndirmə ADMİU-un “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi sənətşünas Dilarə xanım Müzəffərli tərəfindən aparılacaqdır. Layihə nəşrlərinin dizaynı Şərqiyyə Əfəndizadə- Qərariyə məxsusdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: