Səyyarə Məmmədova: Qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq yanvarın 1-dən qüvvəyə minib

Bildiyiniz kimi, 2019-cu ilin fevral ayında ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunub. Həmin Tədbirlər Planında plastikdən istifadənin tədricən azaldılması, birdəfəlik plastik qablardan imtina, alternativlərdən geniş istifadənin təşviqi və tətbiqi öz əksini tapıb. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 15 mikrona kimi polietilen torbaların, eləcə də birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması istiqamətində təkliflər təqdim edilib, bu, Prezident İlham Əliyevin imzaladığı 2020-ci il 30 dekabr tarixli Fərmanı ilə öz təsdiqini tapıb.

Frame.az xəbər verir ki, bunu Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə deyib.

“Qalınlığı 15 mikrona kimi olan torbalara qadağa artıq yanvarın 1-dən qüvvəyə minib. Belə torbalara məişətdə tez-tez istifadə etdiyimiz “pinqvin” adlandırdığımız və onlar kimi nazik torbalar aiddir. Niyə sırf belə torbalar qadağan edilib sualına gəldikdə isə, onlar təkrar emala yararlı deyil, daha nazik, yüngülçəkili olduğu üçün küləklə ərazilərə yayılaraq su tutarları, çayları, gölləri, torpaq qatını çirkləndirir. Yüz illərlə çürümədən hissəciklərə parçalanıb suya, torpağa qarışır. Heyvanların, quşların məhvinə səbəb olur. Eyni zamanda, belə torbalar daha çox qidaların saxlanılması üçün istifadə edilir. Temperatur dəyişikliyində, istidə, soyuqda, zəhərli maddələr qida ilə qarışır və sağlamlığımız üçün təhlükə mənbəyinə çevrilir. Dünya praktikasında da plastik tullantılara qarşı mübarizə mərhələli şəkildə həyata keçir. Biz bu prosesə ilkin olaraq maarifləndirmə ilə başladıq. İki ilə yaxın müddətdə kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə beynəlxalq təcrübələr paylaşılıb, plastikin növləri, təkrar emala yararlı olub-olmadıqları, orqanizmə və ətraf mühitə ziyanları, çeşidləmə vərdişləri, plastik üçün nəzərdə tutulan konteynerlərə diqqətin yönəldilməsi, müxtəlif çağırışlı posterlər, videoçarxlar hazırlanıb. Uşaqlar, gənclər, istehsalçılar, təkrar emal müəssisələri, yerli icra qurumlarının nümayəndələri, marketlərin satış və marketinq üzrə mütəxəssisləri, könüllülər, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müxtəlif görüşlər, təlimlər, layihələr həyata keçirilib, müsabiqələr təşkil edilib. Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azalması, alternativlərdən istifadə olunmasında maraqlıdırlar. Alternativlər isə kağız, bioparçalanan torbalar və qablaşdırmalar, parça, həsir torbalardır. Müxtəlif çeşiddə, hər büdcəyə uyğun alternativlər var. Orta müddətlə 15-20 dəqiqə istifadə edib atdığımız məhsulu evimizə gətirməklə özümüzün, övladlarımızın, gələcək nəsillərin sağlamlığına zərər veririk. Gəlin birlikdə sağlam gələcəyimiz üçün əlimizdən gələni əsirgəməyək”, – deyə S.Məmmədova bildirib.

Daha sonra çıxış edən nazirliyin sektor müdiri Mehman Nəbiyevin sözlərinə görə, “pinqvin” torbalar adlandırılan nazik polietilen torbalardan başqa yüngül torbalar var ki, onların da çəkisi dəqiqləşdirilməlidir. Bununla bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib, cərimələr müəyyən olunub.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib ki, vətəndaşların əksəriyyətinə marketlərdə onlara məhsulun hansı qalınlıqda polietilen torbalarda verilməsi maraqlı deyil. Bu, dövlət qurumlarının və market sahiblərinin marağında olmalıdır. Çünki bu, sanksiyalara səbəb olacaq. Market sahibləri belə məhsulları alan zaman konkret sənəd tələb etməli və standartlara uyğun olmayan ölçüdə məhsulları almamalıdırlar. Nazirlik tərəfindən bununla əlaqədar müraciətlər hazırlanır və aidiyyəti qurumlara göndəriləcək. Bundan sonra vətəndaşlar üçün də müraciətlər olacaq. Eyni zamanda, qaynar xətt də fəaliyyət göstərəcək.

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev bildirib ki, ilkin monitorinqlərin nəticələrinə görə, polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur. Bir çox istehsalçılar icazəsi olmadan polietilen torbaları istehsal edib satırlar. Bu məsələlərə xüsusi diqqət edilməlidir. İstehsalçı məhsulun markalanmasını düzgün aparmalıdır. Standartda əks olunanlar markalanmada göstərməlidir. Məhsulun düzgün markalanması istiqamətində istehsalçılarla iş aparılır”.

“Neptun” supermarketlər şəbəkəsinin nümayəndəsi Allahverdi Quliyev, “Bravo” supermarketlər şəbəkəsinin nümayəndəsi Rauf Rəfiyev və digərlər supermarketlərin nümayəndələri plastik və polietilen paketlərdən istifadənin azaldılması, biopaketlərdən istifadənin artırılmasının təşviqi ilə bağlı təmsil etdikləri supermarketlərin gördükləri işlərdən danışıblar. Onlar, həmçinin qeyd ediblər ki, artıq 15 mikrondan az olan torbalar istehsalçı firmalara qaytarılır və marketdə mikronu yüksək olan torbalardan istifadə edilir, həmçinin istehsalçılardan polietilen torbaların mikronunu artırmaq tələb olunur. Çıxış edən supermarket nümayəndələri mikronu yüksək olan polietilen paketlərin xarici ölkələrdə pullu olduğunu, buna görə də müştərilərin daha çox biopaketlərə üstünlük verdiyini deyib, bioçantalardan istifadəyə keçidin daha faydalı olacağını diqqətə çatdırıblar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: