Baku City CircuitFormula 1Ən Son

Sabah Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başlayır

Bakı üçüncü dəfə Formula 1 yarışlarına ev sahibliyi edir. Aprelin 27-29-da ölkəmizdə Formula 1 dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisi keçiriləcək. Aprelin 27-də sərbəst yürüşlər, ertəsi gün sıralanma turu, aprelin 29-da isə Azərbaycan Qran-Prisi təşkil olunacaq.

Frame.az xəbər verir ki, Dənizkənarı Milli Park boyunca uzanan F1 azarkeşlərinin əyləncə zonasında aprelin 29-dək yarışı izləməyə gedəcək avtoidman həvəskarlarına bir-birindən maraqlı yeni əyləncələr təqdim olunacaq.

Dənizkənarı Bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-da başlayıb. Əyləncə tədbirləri aprelin 27-də və 28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı aprelin 27-29-da axşam saatlarından başlayaraq “Baku Crystal Hall”da bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

Formula 1 ilə yaxından tanışlıq

Formula 1 azarkeş zonasında builki Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə aprelin 27-29-da saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

Bu il tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı, Bakı şəhər halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-də Dənizkənarı Milli Parkda yerləşən F1 azarkeş zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

Həmçinin yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddətdə trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı tanış ola biləcəklər.

Yeni formatda mərasimlər

Ötən illərdəkindən fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı pilotların paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar. Yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən, bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7-10 yaşlardan ibarət uşaqlar müşayiət edəcəklər.

F1 azarkeşləri üçün simulyator yarışları

Tamaşaçılar F1 azarkeş zonasında yerləşən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə (BŞH) məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya qiymətli mükafatlar veriləcək. Bununla yanaşı, simulyatorlarla yanaşı, müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

Konsert proqramları

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə “Axwell Λ Ingrosso”, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaqlar. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq, bu il dünya ulduzlarının konsert proqramları “Baku Crystal Hall”da keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə “Baku Crystal Hall” arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşqusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün maraqlı əyləncələr

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Xatirə şəkli üçün fərqli mənzərələr

Dənizkənarı Bulvar boyunca uzanan F1 azarkeş zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran-Prisinə aid podium və həştəqlər, F1 pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, F1 yarışlarının keçirildiyi treklərin sxemləri, milli ornamentli F1 bolidləri və retro avtomobillər təqdim olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!