Şamaxıda qadınların işgüzar inkişafı təlimləri start götürüb

Şamaxıda və ətraf kəndlərdə yaşayan qadınlar üçün “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM-W” layihəsinin onlayn təlimləri start götürüb. Qadınların işgüzar inkişaf platforması olan “AIM–W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə, onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2021-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir.Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Şamaxı şəhəri üçün təşkil edilən onlayn təlimlər barədə təəssüratlarını bölüşüb: “Pandemiya ilə əlaqədar qadınlar üçün təşkil etdiyimiz “AIM-W” layihəsinin təlim formatını dəyişib, onlayn müstəviyə keçirmişik. Təlim proqramı əvvəl də olduğu kimi qadın sahibkarların öz biznes layihələrini inkişaf etdirməyə xidmət edir. Şamaxıdan da çox saylı müraciət almışıq. Qadınlar özlərini inkişaf etdirməkdə maraqlıdırlar”.

Şamaxı regional “ASAN xidmət” mərkəzinin direktoru Zəka Muradov  bildirib ki, Azərbaycan dövlətçiliyinin inkişafında və dəyərlərin formalaşmasında Azərbaycan qadınının əvəzsiz rolu var: “Şamaxı qadınları da öz növbəsində daim inkişafa meyl göstərir, bunun üçün çalışırlar. Şamaxı öz elmi, mədəniyyəti, turizmi ilə fərqlənən regionlardandır. Rayonun coğrafi şəraitini imkana çevirmək və bu platformanı genişləndirmək sizin əlinizdədir. Təlim müddətində əldə edəcəyiniz bilgilər və təcrübələr sizə kömək edəcək”.

Tədbirdə çıxış edən “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova ASAN könüllülərinin fəaliyyətə başladığı ilk gündən gənclərin və qadınların inkişafı üçün çalışdıqlarını bildirib: “Bu günə qədər layihə 5 regionda keçirilib və ümumilikdə 1000-ə yaxın qadını əhatə edib. İnanıram ki, təlimçilərdən qazanacaqları bilik və bacarıqlarla Şamaxıdan olan qadınlar da gələcək fəaliyyətinə öz töhfələrini verəcəklər. Bu layihənin onlara faydalı oalcağını düşünürəm. Gələcəkdə layihə ölkə üzrə geniş vüsət alacaq”.
Layihə üzrə təlimlər bundan əvvəl Sumqayıt, Gəncə, Quba, Mingəçevir və Şəki iqtisadi zonlarını da əhatə edib.

Layihəyə dəvət olunan Işıl Şahan da Şamaxı təliminin ilk günündən danışıb: “Şamaxı iştirakçılarımızla bu gün onlayn videokonfrans vasitəsilə tanış olduq, onları maraqlandıran ilkin sualları cavablandırdıq. Bu gündən sonra artıq təlimlərimiz və eyni zamanda iştirakçılarımızın layihələrinin formalaşdırılmasına başlayırıq. İnanıram ki, digər bölgələrdə olduğu kimi Şamaxıdan da çox istedadlı və bacarıqlı xanımlarla tanış olacağıq və onların inkişafına dəstək ola biləcəyik”.

“Coca-Cola” Azərbaycan nümayəndəliyi Azərbaycan qadınlarının iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün “Qadınların iqtisadi inkişafı” kateqoriyası üzrə Korporativ Mükəmməllik Mükafatına layiq görülüb. Qeyd edək ki, “ASAN Könüllüləri” Təşkilatı ilə fəal əməkdaşlıq çərçivəsində həyata keçirilən “Uğurlu qadın, uğurlu gələcək” layihəsi də “Coca-Cola”nın bu istiqmədə fəaliyyətlərinə böyük töhfə verib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: