“Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçirilib

2019-cu il martın 1-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) keçirilən “Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfransda əsasən ümumi cərrahlar, neyrocərrahlar, diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahları iştirak ediblər.

Giriş sözü ilə çıxış edən RMDM-in baş həkimi Könül XƏLİLOVA bildirib ki, Mərkəzin ən yeni tibbi texnologiya, beynəlxalq tələblərə uyğun olaraq layihələşdirilmiş və ən son nəsil cərrahi avadanlıqlarla təchiz olunmuş Cərrahiyyə şöbəsi son illər cərrahiyyədə bir sıra uğurlara imza atıb: “ABŞ-ın JCI (Joint Commission International) standartları ilə tibbi xidmət göstərən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin beynəlxalq təcrübəyə malik mütəxəssisləri klinikamızın unikal imkanlarından istifadə etməklə ən qısa müddətdə ən dəqiq diaqnostika və keyfiyyətli müalicəni təmin edirlər.”

Konfransda müasir cərrahiyyə sahəsində əldə edilmiş uğurlara nəzər salınıb, çıxış edən yüksək ixtisaslı mütəxəssislər xəstə tarixçələri əsasında təcrübələrini bölüşüblər.

“Endovaskulyar Cərrahiyyədə yeni nailiyyətlər” mövzusunda təqdimat edən RMDM-in Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, Prof. Ahmet MEMİŞ bu sahədə müasir dövrün ən önəmli inkişaf məqamları ilə yanaşı, gələcəyin tibbi tətbiqləri barədə də məlumat verib: “Radiologiya müayinələri ilə çox sayda xəstəliklərin noninvaziv diaqnostikası mümkün olduqdan bu yana, radioloqlar bu cihazlarla görüntülənə bilən patologiyalara, bədən boşluqlarına böyük kəsiklər açılmadan və ümumi anesteziya verilmədən “İYNƏ DƏLİYİNDƏN” üsulu ilə çata bilirlər. 1,2-5 mm-lik kiçik dəliklərdən bədəndəki bütün arteriya və venalara, beyinə-qaraciyərə-böyrəklərə və bütün orqanlara daxil olub biopsiyalar kimi diaqnostik prosedurların yanında angioplastika-trombektomiya-embolizasiya kimi damar əməliyyatları; abses drenaji, öd yolu drenaji, nefrostomiya, radiofrekans ablasiya və digər təxminən 350 fərqli terapevtik “MİNİ-İNVAZİV Radiologiya” əməliyyatlarının icra edilməsi mümkündür. Bu günə kimi olan inkişafla yanaşı, radiologiya avadanlıqlarında gələcəkdə də böyük dəyişikliklər olacaq. Təbiidir ki, mikrokater-mikromaterial texnologiyasındakı sürətli inkişafla gələcəyin tibbi olan “nanotexnologiyanın tibdə istifadəsi-nanorobotlar”ın insan bədəninə implantasiyası yenidən invaziv radioloqlar tərəfindən təmin ediləcəkdir.”

“Düz bağırsaq törəmələrində Transanal cərrahiyyədə yeni ümidlər” mövzusunda çıxış edən RMDM-in ümumi cərrahı İlqar İSMAYILOV Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyata keçirilən bütün növ Laparoskopik əməliyyatların standartlara uyğun aparıldığını və müasir avadanlığın tətbiqinin təmin edildiyini vurğulayıb: “Müxtəlif növ qarın yırtıqları, öd kisəsi, mədə və bağırsaq əməliyyatlarının minimal travmayla kəsiksiz Laparoskopik üsulla icra olunması xəstələrin bu arzuolunmaz əməliyyat dönəmlərini çox rahat keçirmələrini təmin edir. Düz bağırsaq törəmələrində Transanal cərrahiyyədə qazanılmış nailiyyətlər yeni ümidlər verir. Minimal invaziv cərrahiyyənin gəldiyi ən son inkişaf nöqtələrindən biri olan TAMIS –TransAnal Minimal İnvaziv əməliyyat (təbii dəliklərdən endoskopik əməliyyat) Azərbaycanda ilk dəfə Respublika Müalicəvi Diaqnostika Mərkəzində aparılıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mütəxəssisləri artıq Kolorektal xəstəliklərin Minimal İnvaziv müalicəsində zəngin təcrübələri ilə tanınır və Azərbaycanda bu sahədə bir sıra yeniliklərə imza atmışlar. Təbii ki, rektum (düz bağırsaq) cərrahisinin ən müasir və inqilabi üsullarından hesab edilən TaTME (TransAnal Total Mesorectal Excision) əməliyyatı bu komandanın diqqətindən yayınmadı. Bu üsulun özəlliyi – xüsusi cihazlar vasitəsi ilə mürəkkəb rektum əməliyyatının transanal yolla icra edilməsi, əməliyyatın daha etibarlı olması və kolostomaya ehtiyacın aradan qalxmasıdır. Azərbaycanda, həmçinin regionda ilk dəfə olaraq, TaTME əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurla icra olunub.”

“Neyrocərrahiyyədə innovativ texnologiyaların tətbiqi. Klinik təcrübəmiz” mövzusunda çıxış edən RMDM-in neyrocərrahı Azər ƏKBƏROV diqqətə çatdırıb ki, ölkəmizdə son illər ərzində neyrocərrahiyyədə innovativ texnologiyaların tətbiqi sayəsində bir sıra uğurlara nail olunub. Məruzədə Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra edilən unikal və mürəkkəb neyrocərrahiyyə əməliyyatları barədə məlumatlar xəstə tarixçələri əsasında təqdim olunub.

Sonda iştirakçılara SERTİFİKAT verilib.

Konfrans kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: