CinemaTəqdimat

“Son nəfəsədək” filmindən xəbər var

Artıq xəbər verdiyimiz kimi çəkilişləri Füzulidə aparılan və hazırda post-prodakşn mərhələsinə qədəm qoyan, Qarabağ hadisələrindən bəhs edən “Son nəfəsədək” bədii filminin montaj işləri aparılır.

Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanovun açıqlamasına görə filmin təqdimatı bu ilin payız aylarına nəzərdə tutulub: “Amma eyni zamanda tələsmirik, çünki filmin hər xırda detalı yaddaqalan və dəqiq olmalıdır. Montaj prosesində özüm iştirak edirəm. Bəzi əlavələrimiz var. Ola bilsin, bir-iki gün əlavə çəkiliş aparaq. Bilirsiniz, montajda hər şey üzrə çıxır və çatışmazlıqları görürük. Bundan başqa filmin musiqisinin yazılması prosesi də yaxın vaxtlarda başlanacaq. Bir neçə bəstəkar təklifi var. Təklifləri dəyərləndirib, qərar verəcəyik. Çalışacağıq ki, təqdimat Dövlət Bayrağı gününə təsadüf etsin”. Nurəddin Aslanov fürsətdən istifadə edərək, filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri xanım Bahar Muradovaya şəxsən dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Qarabağ uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərmiş Yavər İsgəndərov və yoldaşlarının döyüş yolundan bəhs edən “Son nəfəsədək” trillerində Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, Namis Şirməmmədov, Rövşən Kərimduxt, aktyorlar Eldar Bağırbəyov, Vüqar Vəlixanov və digərləri çəkiliblər. Filmin quruluşçu rejissoru Elnur Əliyev, redaktoru Kamran Qasımovdur. Filmin beynəlxalq film festivallarına da təqdim edilməsi nəzərdə tutulub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!