CinemaTəqdimat

“Son Nəfəsədək” trillerinin qala gecəsi keçiriləcək

İstehsalı hələ 2017-ci ilin yaz aylarından başlanan, Qarabağ həqiqətlərindən bəhs edən “Son Nəfəsədək” trilleri 12 aprel 2018-ci il tarixdən etibarən kinoteatrlarda yayıma daxil olur. Filmin Qala gecəsi də 12 aprel tarixində saat 19.00-da Park Cinema İMAX-da keçiriləcək.  Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanovun sözlərinə görə, “Son Nəfəsədək” bütün Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir: “Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm”.

Filmin süjet xətti isə belədir. 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf  kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə (Eldar Bağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır…

Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.

100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.

Qeyd edək ki, filmin çəkilişləri Füzuli rayonunda, eləcə də Bakı şəhərində aparılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!