SərgiTəqdimatƏn Son

Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hüseynzadənin anım günü keçiriləcək

“Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamının icrası məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə, Təhsil və Mədəniyyət nazirlikləri tərəfindən təsdiq olunmuş təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, 2018-ci il noyabr ayının 19-da, saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elmi-konfrans zalında əfsanəvi kəşfiyyatçı, leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya Müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı və rəssam Mehdi Hənifə oğlu Hüseynzadənin (22 dekabr 1918, Novxanı, Bakı- 2 noyabr 1944, Vitovle, Sloveniya) anım günü keçiriləcəkdir.

Mehdi Hüseynzadə 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbdə  (sonradan 19 saylı orta məktəb olmuşdur) oxumuşdur. Onun ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə təhsil almışdır. 1936-cı ildə Bakı Rəssamlıq Məktəbini bitirən Mehdi Hüseynzadə Suraxanıda ibtidai məktəblərdən birinə müəllim göndərilmişdir. Bununla yanaşı Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri olmuşdur. Mehdi İncəsənət Akademiyasına qəbul olunmaq üçün Leninqrada (indiki Sankt-Pterburq) getsə də, tale elə gətmişdir ki, qəbul imtahanını verə bilmədiyi üçün  Leninqrad Xarici Dillər İnstitutunda Fransız dili fakültəsinə daxil olmuşdur. Lakin poeziyaya və ədəbiyyata olan sevgisi ilə əlaqədar 1940-cı ildə  Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülmüşdür. 1941-ci ildə İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar həmin il avqust ayının 9-da sovet ordusunda xidmət etməyə başlamışdır. Döyüşlər zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir. 1944-cü ilin noyabrın 2-də gizli tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində düşmənlə döyüşərək, qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə ölümündən sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Onun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir çox işlər görülmüşdur.

“İz” silsilə layihəsinin davamı olaraq, Mehdi Hüseynzadənin vaxtı ilə təhsil aldığı Bakı Rəssamlıq Məktəbinin bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyətini davam etdirdiyi nəzərə alınaraq onun 100 illiyinə həsr olunmuş anım mərasimin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunması rəmzi məna daşıyır. Tədbirin keçirilməsi ilə bağlı təşkilati işlər Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır.

Anım mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Mehdi Hüseynzadənin həyat və fəaliyyətinə (xüsusən rəssamlıq fəaliyyətinə) həsr olunmuş xüsusi təqdimat (ADRQ-nın böyük elmi işçisi Vaqif Muğallı keçirəcək) keçiriləcək, Akademiyanın Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev M.Hüseynzadənin bədii yaradıcılığı, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov isə M.Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə aparılan işlər barədə məruzə ilə çıxış edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!