Frame LifeSosialƏn Son

Stansiyalarda məktəblilərə hədiyyələr təqdim olunub

Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil və ali təhsil ocaqlarında yeni dərs ili başlanır. Bu gün Azərbaycanın təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür.

Bu münasibət ilə Bakı metropolitenində artıq ənənəyə çevrilən sosial yönümlü tədbir keçirilib.
Paytaxtımızın təhsil ocaqlarının yaxınlığında yerləşən metro stansiyaların vestibüllərində təşkil olunan sosial layihənin məqsədi metrodan istifadə edən məktəbliləri təbrik etmək, onlara yeni dərs ilində uğurlar arzulamaq olub.
Bakı metropoliteninin istifadəyə verilməsinin 50-ci ilində metropolitenin azyaşlı sərnişinlərini bayram töhfəsi ilə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və digər metropoliten əməkdaşları sevindiriblər.

«28 May» stansiyasının əsas vestibülündən başlayan tədbir daha sonra digər stansiyalarda davam edib. Bilik Günü münasibəti ilə təşkil olunan sosial layihə məktəblilərlə yanaşı, sərnişinlərin də ovqatını yüksəldən hal kimi qarşılanıb.
Bayram tədbiri daha çox bu il birinci sinifə gedən və ibtidai sinif şagirdlərinin ürəyincə olub. Məktəblilər arasında keçirilən maraqlı müsabiqədə metropolitenə aid sualları düzgün cavablandıran birinci sinif şagirdlərinə, həmçinin metropolitendən istifadə edən məktəblilərə maraqlı hədiyyələr təqdim olunub.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!